"Wall Street Journal” redaksiyası nəşrin jurnalisti Evan Gerşkoviçin "casusluq”da şübhəli bilinərək həbsindən sonra ABŞ hakimiyyətini Rusiya səfirini və bütün rusiyalı jurnalistləri ölkədən çıxarmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, nəşrin redaksiya
məqaləsində deyilir ki, Gerşkoviçin həbsi Kremlin amerikalıları girov götürmək vərdişini gücləndirir və bu, Rusiyanın sivil xalqlar birliyindən çıxdığının daha bir sübutudur.
"Bandit liderləri buna görə heç bir cəza olmayacağını düşünəndə öz bandit əməllərini davam etdirirlər. Bayden administrasiyası diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirməli olacaq. Rusiyanın ABŞ-dakı səfirinin, eləcə də burada işləyən bütün rusiyalı jurnalistlərin ölkədən qovulması ümid edə biləcəyiniz minimum həddir”, - deyə yazıda bildirilir.
WSJ vurğulayır ki, Rusiya diktatoru Vladimir Putin artıq Gerşkoviçin sağlamlığına və təhlükəsizliyinə cavabdehdir və ABŞ prezidenti Co Baydenin administrasiyası onun azadlığa buraxılmasını tələb etməyə borcludur.
Redaksiya jurnalistə qarşı ittihamları da "şübhəli” adlandırıblar.
"Hökumət Rusiyadakı xarici jurnalistləri diqqətlə izləyir və Gerşkoviç uzun illərdir orada işləyir. Əgər həqiqətən də onu casus hesab etsəydilər, FSB onu çoxdan ölkədən qovub çıxara bilərdi”, - deyə redaksiya bildirib.
Nəşr həmçinin vurğulayır ki, jurnalistin həbsi onun Rusiya iqtisadiyyatının çöküşü ilə bağlı ifşaedici və çox oxunan material yazmasından bir neçə gün sonra baş verib.
"Amerikalı jurnalistin həyasızcasına həbsi ABŞ-ın öz vətəndaşlarına qarşı hücumların qarşısını almaq qabiliyyətinin azalmasının göstəricisidir. Cümə axşamı Bayden administrasiyası Gerşkoviçin həbsini pislədi və biz jurnal olaraq buna görə minnətdarıq. Ancaq Putinin niyə amerikalıları qaçırıb və işin davam edə biləcəyini düşündüyünü soruşmaq ədalətli olardı”, – jurnalistlər yekunlaşdırıblar.
Xatırladaq ki, martın 30-da Moskvanın Lefortovo məhkəməsi "The Wall Street Journal” qəzetinin jurnalisti Evan Gerşkoviçi həbs edib. FSB onu "casusluqda” ittiham edib – Rusiyanın xüsusi xidmət orqanları onun "ABŞ-ın göstərişi ilə” Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat topladığını iddia edib. O, Yekaterinburqda saxlanılıb.
Jurnalisti müşayiət edən Yekaterinburq sakini Yaroslav Şirşikov bildirib ki, Gerşkoviç "Vaqner” özəl hərbi şirkət və Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında material hazırlayır.
"The Wall Street Journal” Rusiya rejiminin iddialarını rədd edərək, jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib.
Nizami Bağırov