Mayın 9-da Nyu-Yorkda 2022-ci il Jurnalistika üzrə Pulitser mükafatının qalibləri elan edilib. Xüsusi mükafat ukraynalı müxbirlərə verilib - "cəsarət, dözümlülük və həqiqəti əks etdirən reportajlara sadiqliyə görə”.
Ən nüfuzlu nominasiyalardan biri - "İctimaiyyətə xidmət" üzrə qalib "The Washington Post" qəzeti olub. Nəşrin əməkdaşları 2021-ci il yanvarın 6-da ABŞ-ın o zamankı prezidenti Donald Trampın tərəfdarlarının Kapitoliyə hücumu zamanı baş verən hadisələrin ətraflı təhlilinə görə mükafat alıb.
Beynəlxalq və milli reportajlara görə qalib "The New York Times” olub. Birinci məqalədə jurnalistlər ABŞ-ın atəş zərbələri nəticəsində Yaxın Şərqdə (İraq, Suriya, Əfqanıstan) dinc əhali arasında baş verən ölümlərdən, ikinci məqalədə həbslər zamanı polis əməkdaşları tərəfindən öldürülən amerikalı sürücülərdən bəhs ediblər.
"Miami Herald” qəzetinin redaksiyası "Təcili reportyorluq" mükafatına layiq görülüblər. Jurnalistlər ötən ilin yayında 100-ə yaxın insanın ölümü ilə nəticələnən yaşayış binasının uçmasını işıqlandırdıqları üçün mükafat alıblar.
Floridanın yeganə batareya emalı zavodunda yüksək zəhərli təhlükələr haqqında araşdırma jurnalistikasına görə Pulitser mükafat Şurası "Tampa Bay Times” qəzetinin redaksiyasını mükafatlandırıb.
Nizami Bağırov