
Ukraynada “LayfNyus” əməkdaşlarının başına pul qoyulub.
Bu barədə “LayfNyus” telekanalının baş redaktoru Anatoli Suleymanov məlumat yayıb. Onun sözlərinə görə, telekanalın bir neçə əməkdaşının başına 20 min dollar mükafat qoyulub.
Bundan əvvəl bildirilmişdi ki, “LayfNyus” jurnalistləri Oleq Sidyakin və Marat Sayçenko Ukrayna Milli qvardiyası tərəfindən Donetsk vilayətinin Kramatorsk şəhəri ərazisində saxlanılıb. Media-holdinqin rəhbərliyi Rusiya Xarici İşlər Nazirliyinə onların sərbəst buraxılmasına kömək üçün müraciət edib:
“Əməkdaşlarımızın bəzilərinin başına 10 min dollar mükafat qoyulması haqqında 100 faizlik məlumat var. Ancaq indi mükafat 20 min dollara qaldırılıb”, - deyə Suleymanov “Rusiya xəbər xidmətin”ə bildirib.
Suleymanovun sözlərinə görə, telekanalın jurnalistləri Oleq Sedyakin və Marat Sayçenko Kramatorskda Milli Qvardiyanın BMT nişanlı helikopterlər tətbiq etməsi haqqında materialı çıxandan sonra təqib olunmağa başlayıb.
Bundan əvvəl, Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT-i Rusiya jurnalistlərinin sərbəst buraxılması üçün lazım olan bütün tədbirləri görməyə çağırıb. ATƏT isə öz növbəsində hakimiyyət dəyişikliyindən sonra Ukrayna Daxili İşlər naziri Arsen Avakova məktub yazaraq Rusiya jurnalistlərinin sərbəst buraxmalarını tələb edib və faktı araşdırmağa çağırıb./axar.az