Türkiyə və Azərbaycan beşinci nəsil türk qırıcıları olan "Kaan"ın yaradılması layihəsi çərçivəsində əməkdaşlıqla bağlı razılığa gəliblər. TRT-in məlumatına görə, müvafiq saziş İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2023) çərçivəsində imzalanması planlaşdırılan ikitərəfli müqavilə ilə rəsmiləşdiriləcək.
Qeyd edək ki, beşinci nəsil qırıcı "Kaan" 2017-ci ildən Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. Onun ilk uçuşunu bu il edəcəyi, kütləvi istehsalına isə 2028-ci ildə başlanacağı planlaşdırılır. Türkiyə hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, "Kaan" taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35-lərini keçəcək və gələcəkdə Respublika Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz edəcək.
Qaynarinfo-ya açıqlama verən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, "Kaan” qırıcılarının birgə istehsalı gələcək perspektivdə Azərbaycanın milli döyüş təyyarələrinin istehsalına təkan verəcək:
"Kaan” çoxtəyinatlı döyüş təyyarəsidir. Türkiyəli mütəxəssislər onu beşinci nəsil döyüş təyyarəsi kimi təqdim edir. Türkiyənin hərbi sənaye kompleksi son 20 il ərzində yaradılan liberal iqtisadi siyasət nəticəsində inkişafa doğru istiqamət götürüb. Bir-birinin ardınca xarici ölkələrdən əldə edilən elmi-nəzəri və texnoloji materiallar əsasənda bir sıra layihələr həyata keçirildi. Bu sıraya "Altay” tankını, pilotsuz uçuş aparatları, "Yer-yer” tipli taktik raket kompleksini aid edə bilərik. İndi də Türkiyə "Kaan” tipli beşinci nəsil qırıcıların istehsalını nəzərdə tutur. Ankara ilə Bakının bu sahədə birgə əməkdaşlığı uğurlu ola bilər. Amma bir şərtlə ki, həmin elmi-texnoloji baza həm də Azərbaycana inteqrasiya olunsun. Yəni döyüş təyyarəsinin bir hissəsi, avadanlıq və texnoloji qurğuları Azərbaycanda istehsal olunsun, burada müəssisə tikilsin və onun yığımına şərait yaradılsın.
"Kaan” qırıcılarının birgə istehsalı fonunda Azərbaycan da beşinci nəsil döyüş təyyarələrinə sahib olacaq. Bu baş verdiyi təqdirdə, proses nəinki Cənubi Qafqaz, Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi hövzəsində yerləşən bütün ölkələr arasında, Rusiyanı çıxmaq şərtilə, Azərbaycanın hava məkanında üstünlük əldə etməsini təmin edəcək. Prosesin reallaşması ilə gələcəkdə Azərbaycan "Kaan” qırıcıları ilə bağlı özünün ayrı bir layihəsini də həyata keçirə bilər. Bu addım gələcəkdə konstruktorlar bürosunun təkmilləşməsinə gətirib çıxaran amillərə səbəb olacaq”.
Rüfət Sultan