İdman 15:42 14.09.2022

Kadi Borges: "Şəhidlərin əzizlərini, yaxınlarını qucaqlamaq istərdim"

"Həyatını itirənlərin ailəsinə başsağlığı vermək istərdim. Ölkə üçün çətin dönəmdir. Rəhmətə gedənlərin əzizlərini, yaxınlarını qucaqlamaq, dəstəyimi göstərmək istərdim”.

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ”ın aparıcı futbolçularından hesab olunan Kadi Borges deyib. O, Avroliqanın qrup mərhələsində qarşılaşacaqları "Nant”la oyunöncəsi mətbuat konfransında sabahkı oyunu dəyərləndirib:

"Aydın məsələdir ki, bizi çətin oyun gözləyir. Çətin rəqibdir. Rəqibi məşqçilərimiz analiz edib, məncə yetəri qədər məlumat almışıq. Ümid edirəm stadiona gələnlər oyundan zövq alacaqlar. Ümidvaram ki, əlimizdən gələni edəcəyik və qələbə qazanacağıq".

Kadi mətbuatı izlədiyini və şəhidlərimizin qəhrəman olduğunu vurğulayıb: 

"Mətbuatı izləyirik, ölkədə baş verənlərlə bağlı məlumat alırıq. Təbii ki, küçəyə çıxırıq, insanlarla rastlaşırıq, onlarla ünsiyyət qururuq. Öz kədərlərini bildirirlər. Həqiqətən onlar qəhrəmandırlar. Biz isə onlara oyunumuzla qarşılıq verməyə çalışacağıq”

"Nant”ı necə məğlub emək olar” sualına braziliyalı futbolçu belə cavab verib:

"Qeyd etdiyim kimi, çətin rəqibdir. Bu gün bir daha məşqçi heyəti ilə birlikdə rəqibi analiz edəcəyik. Necə məğlub etmək olar? Əlbəttə çəkinmədən, heç nədən qorxmadan, istədiklərimizi reallaşdırmaqla, onların üzərinə getməklə”.

Səbuhi Həsənov