Xəbər lenti

İdman 16:00 14.10.2023

Kafu sabiq klubunu və "Qatar Airways"ı məhkəməyə verir

Braziliya millisinin əfsanəsi Kafu "Qatar Airways" və sabiq klubu "Roma"nı məhkəməyə verməyə hazırlaşır.

Qaynarinfo-nun məlumatına görə, o imic hüquqlarının pozulduğunu iddia edib. "Football Italia" vasitəsilə Il Messaggero-nun verdiyi məlumata görə, Kafu keçmiş sponsor "Qatar Airways"lə əməkdaşlığın bir hissəsi olaraq dörd il əvvəl reklam filmində görünməyə razılıq verib. Çəkilən filmdə yer alan futbolçu Varşavaya yollanıb. Film çəkilərək, sürətlə televiziyada yayımlanıb. Məlumatlara görə, Kafu agenti Vinçenzo Aliottanı "Roma" ilə maliyyə razılaşması üçün danışıqlar aparmağa çağırıb. Lakin danışıqlar yavaş gedib və tez-tez təxirə salınıb. 2020-ci ildə, İtalyan klubu Kafu ilə razılaşmadan əvvəl o vaxtkı sahibi Ceyms Palotta tərəfindən Dan Friedkinə satılıb. Belədə 53 yaşlı mütəxəssis gözləməyə davam edib və kluba olan sevgisinə görə məhkəməyə müraciət etməyib.  Bununla belə, o, indi məhkəməyə müraciət etmək qərarına gəlib və reklamın nümayiş olunduğu 46 aylıq dövrə və müntəzəm sponsorluq razılaşmalarına əsasən təqribən 10 milyon funt-sterlinq (12 milyon dollar) təzminat tələb edir.

Kafu 2000/01-ci illərdə A Seriyasında "Roma"nın heyətində son çempionluğunu qazanıb. O, həmin mövsümdə Vinçenzo Montella, Françesko Totti və Qabriel Batistuta kimi əfsanəvi oyunçularla birlikdə bütün yarışlarda 37 oyuna çıxıb.

Danışıqlar üçün son gün noyabrın 17-nə təyin edilib və o vaxta qədər heç bir razılıq əldə olunmasa, keçmiş oyunçu maddi təzminat məsələsini məhkəmədə həll etmək üçün sözgedən şirkəti və klubu məhkəməyə verəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->