Dünya 22:10 03.10.2022

Kağız üzərində Rusiyanın “qələbələri” davam edir: Xerson və Nikolayev vilayəti...

Rusiya Federasiyası Dövlət Duması bazar ertəsi keçirilən iclasda qondarma "Donetsk və Luqansk Xalq Respublikalarının”, habelə Ukraynanın Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına daxil olmasına dair müqavilələri yekdilliklə ratifikasiya edib.

Qaynarinfo xəbər verir ki, bu barədə İnterfax məlumat yayıb.

Rusiyanın Ukrayna ərazisinin az qala 20%-nin ilhaqını rəsmiləşdirən sənədləri prezident Vladimir Putin cümə günü, sentyabrın 30-da imzalayıb və həftəsonu təsdiq üçün parlamentə təqdim edib.

Bu arada məlum olub ki, Rusiya Ukraynanın Xerson vilayətini Nikolayev vilayətinin Snigirevski və Aleksandrovski rayonları ilə birlikdə ilhaq edəcək, - bunu Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsinin rəhbəri Pavel Kraşeninnikov bildirib.

"Xerson vilayətinə gəlincə, sərhədlər də sentyabrın 20-də Xerson vilayətinin hərbi-mülki administrasiyasının fərmanları nəzərə alınmaqla inzibati sərhədlərlə müəyyən ediləcək. Burada, Xerson vilayətinə Nikolayev vilayətinin Aleksandrovski və Snigirevski rayonları daxildir”, - Kraşeninnikov bildirib.

Onun sözlərinə görə, bu rayonlarda da Xerson vilayətinin taleyi ilə bağlı "referendum keçirilib”. Öz növbəsində, "DXR” və "LXR”-in sərhədləri özünü elan etmiş respublikaların konstitusiyalarına uyğun olaraq müəyyən ediləcək. "Zaporojye vilayətinin ərazisinin hüdudları bölgənin Rusiya Federasiyasına qəbul edildiyi gün mövcud olan Zaporojye vilayətinin inzibati sərhədləri ilə müəyyən edilir", - Kraşeninnikov izah edir.

Xatırladaq ki, Kreml Ukraynanın Xerson və Zaporojye vilayətlərinin hansı sərhədlər daxilində Rusiyanın tərkibinə daxil olmasına dair dəqiq cavab verə bilməyib. "Qismən aydınlıq gəlib. Mən sizə daha sadə dildə deyəcəyəm: "LXR” və "DXR” 2014-cü il sərhədləri daxilindədir. Xerson və Zaporojya - biz sərhədlər boyunca bu bölgələrin əhalisi ilə məsləhətləşmələri davam etdirəcəyik ", - Peskov bildirib. 

Rusiya Ukraynanın ilhaq edilmiş heç bir bölgəsinə tam nəzarət etmir. Hazırda Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində irəliləyir - yeganə bölgədir ki, son vaxtlara qədər Rusiya ordusu 100% işğal edib. Beləliklə, Rusiyanın legitim və dəqiq müəyyən edilmiş sərhədi yoxdur, bu, politoloq Yekaterina Şulmanın fikrincə, "fail state”in (uğursuz dövlət) əlamətlərindən biridir.

Nizami Bağırov