Xəbər lenti

Kamal Abdullanın saytı daş atmayacaq...
Sənət18:59 04.09.2015

Kamal Abdullanın saytı daş atmayacaq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bizim nə daş, nə də dava niyyətimiz var.

Bu sözləri Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri şair Qismət Rüstəmov fondun açılmasına hazırlıq görülən “sim-sim.az” saytının gələcək fəaliyyəti ilə bağlı Axar.az-a danışarkən deyib. O bildirib ki, “sim-sim.az” mədəniyyət portalı tamam fərqli üslubda fəaliyyət göstərəcək:

“Sim-sim.az” mədəniyyətin bütün sahələrini əhatə edəcək. Mədəniyyət sözünü mən ən geniş mənada istifadə edirəm, XVIII əsrdəki məşhur bölünməni: incəsənət ayrı və peşə–əl sənəti ayrı bölgüsü aparmadan. Yeri gəlmişkən, sual oluna bilər ki, niyə "sim-sim" adını seçmişik. Bəri başdan deyim ki, ad üzərində çox düşündük. Sonda müzakirələrin birində Kamal müəllimin təklifi ilə bu adın üzərində dayandıq. “Sim-sim” sözü açar-simvoldur, şifrədir, sirli olana, xəzinənin gizləndiyi yerə girişdir, həm mifoloji obrazdır, həm də eyni sözün təkrarı ilə ahəngdar səslənir. Sayt gələn həftənin ikinci günü oxucuların ixtiyarına veriləcək və siz saytda Kamal müəllimin “sim-sim” haqqında yazdığı giriş sözü ilə də tanış olacaqsınız.

Mirzə Ələkbər Sabirin məşhur şeirlərindən birinin belə bir misrası var: “Adətimiz daş idi dava günü...” Bizim nə daş, nə də dava niyyətimiz var. “Sim-sim” şou xarakterli olmayacaq. “Sim-sim”in üslubu kübar, elitar olacaq. Saytda dil məhdudiyyəti olmasını istəmirəm. İndidən düşünürəm ki, sayt bir neçə dilli olmalıdır və bu mənada artıq əvvəldən az-az da olsa, rusca da material vermək planım var. Saytın qurulma və dizayn prosesində dünyanın vaxtilə alıb topladığım bir çox xarici ədəbiyyat dərgilərini, eləcə də 100-ə yaxın xarici ədəbi portalları incələdim. Rəhbərliklə, əməkdaşlarımızla uzun məsləhətləşmələr apardıq. İdeal olmasa da, müəyyən mənada rəng seçiminə, formasına görə ürəyimizcə olan bir variantın üstündə dayandıq. Çox ideyalar var, hamısını birdən danışmaq istəmirəm”.

Qeyd edək ki, AYF-nin sədri Kamal Abdulla, aparat rəhbəri Qismət Rüstəmov, mətbuat xidmətinin rəhbəri Xəyyam Mazanov (Ömər Xəyyam), təşkilati məsələlər şöbəsinin müdiri Fuad Cəfərovdur.

Qaynar.info