Andrey Zubov
Rusiyalı tarixçi və politoloq, tarix elmləri doktoru
Avstriya kansleri Karl Nehammer dünən (yazı dünən dərc edilib-red.) Vladimir Putinlə şəxsən görüşüb. Avstriya kanslerinin Avstriya mətbuatı üçün keçirdiyi mətbuat konfransında söylədiklərinə görə, bu, çox mühüm səfər idi.
49 yaşlı Avstriya kanslerinin 22 ildir Rusiyanı idarə edən 69 yaşlı Putini razı sala biləcəyini heç kim gözləmirdi. Onun qarşısına belə bir vəzifə də qoyulmamışdı.
Amma qarşıya başqa vəzifələr qoyulub və onlar tamamilə həll olunub.
1. Putin nə Uralda, nə də Altaydakı bunkerində gizlənmir. O, Nehammeri Moskva yaxınlığındakı Novo-Oqaryovodakı adi iqamətgahında qəbul edib. Beləliklə, "bunker baba" ləqəbi açıq-aşkar şişirtmədir.
2. Putin, Rusiyanın təcavüzü nəticəsində dünyada və Ukraynada baş verənlər barədə xəbərdardır. O, heç də xoşbəxt cəhalət içində yaşamır, yəni xoşagəlməz xəbərlərdən qorunmur. Kanslerin üz-üzə deyilən sözləri Putin üçün sürpriz olmayıb və o, faktları təkzib etmədən qəbul edib. Putinin nədənsə xəbəri olmasa belə, kansler ona bu barədə məlumat verib, Buça və Kramatorsk haqqında danışıb.
3. Bütün baş verənlər barədə bilən Putin bəhanə gətirmir, əksinə, faktları olduğu kimi sakitcə qəbul edir və hərbi əməliyyatı qalibiyyətlə sona çatdırmaq əzmindədir. Deməli, o, öz əməllərinə görə tam məsuliyyət daşıyır və hərbi əməliyyatı özü idarə edir. Bu, politoloqların çoxsaylı fərziyyələri fonunda mühüm məlumatdır. İndi şübhə yoxdur ki, Putin Ukraynada öz istəyi ilə törədilən bütün cinayətlərə görə şəxsən məsuliyyət daşıyacaq.
4. Kansler Putinə izah etdi ki, Ukraynada törədilən bütün hərbi cinayətlər araşdırılacaq və bütün cinayətkarlar cəzalandırılacaq. Aydındır ki, Putin onların arasında birincidir. Bu məqamda Putin, deyəsən, çaşqınlıq içində olub və kanslerə Avropanın ona və "xüsusi əməliyyata” qərəzli münasibət bəslədiyini söyləyib. Amma əsas odur ki, məsuliyyət barədə ona üzbəüz məlumat verilib.
Andrey Zubov
5. İndi kansler Nehammer Aİ və NATO-dakı həmkarlarına Putinin qətiyyən dəli olmadığını, onun zehninin və yaddaşının aydın olduğunu (avstriyalılar psixiatriya üzrə tanınmış mütəxəssislərdir) deyə biləcək. Üstəlik, o, baş verənlərdən yaxşı xəbərdardır. Ona görə də Putin onun adından edilənlərə görə tam məsuliyyət daşıyır. O, həmçinin məlumat verəcək ki, Putin Ukrayna ilə sülh istəmir, müstəqil dövlət kimi məhv etmək istəyir. Ona görə də Qərb Rusiyanın təcavüzünə qarşı həm sanksiyalarla, həm də ilk növbədə silahla Ukraynaya daha çox yardım etməlidir. Josep Borrelin açıqlaması artıq Karl Nehammerdən alınan məlumata reaksiya ola bilər.
6. Və nəhayət, sonuncusu. Səfərin elə həmin günü Putinin ən yaxın adamlarından ikisi, biri Ukraynada taktiki nüvə silahından istifadənin mümkünlüyü, digəri isə Mariupolda kimyəvi qoşunlardan istifadənin məqsədəuyğunluğu barədə məlumat verib. Bu, təbii ki, Ukraynanı və Qərbi qorxutmaq cəhdidir. Və mənə elə gəlir ki (bu, sadəcə mənim fərziyyəmdir) kansler Putini əmin edib ki, Rusiya kütləvi qırğın silahlarından istifadə etməmək haqqında imzaladığı konvensiyaları pozarsa, Qərb borclu qalmayacaq. Bir dəfə Hitler İngiltərə uğrunda döyüşlər zamanı kimyəvi bombalardan istifadə etmək istədi, lakin ABŞ və İngiltərə (və ABŞ o zaman hələ də neytral idi) Hitlerə bildirdilər ki, bu halda bütün Almaniya xardal qazı ilə boğulacaq. Və müharibənin son gününə qədər Hitler zəhərli qazlardan istifadə etməyə cəsarət etmədi.
Düşünürəm ki, "dost olmayan” (şəkil çəkdirmədən, təbəssümsüz və əl sıxmadan) Moskva səfəri zamanı Xristian Demokrat olan 49 yaşlı Avstriya kansleri Karl Nehammer, 69 yaşlı KQB zabiti, rus tiranına oxşar bir şeyi məxfi şəkildə ötürüb.
Kansler Nehammerin səfəri əslində Putinin imkanlarının yoxlanılması və ona dünya ictimaiyyəti tərəfindən məhkəməyə çağırış vərəqəsinin verilməsidir.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo