
Bir neçə gün əvvəl vəfat edən Kubanın əfsanəvi lideri, inqilabçı, dövlət xadimi Fidel Kastronun müsahibələrindən, çıxışlarından seçmə fikirləri Qaynarinfo.Az oxuculara təqdim edir.
Mənim adım Fidel Kastrodur və mən Kubanı azad etmək üçün gəlmişəm.
Burda danışdıqlarım ki var, bölücülük salmaq üçün deyil, ancaq mən nəyi fikirləşirəmsə, onu da deyirəm və bunu başqalarına hörmətlə yanaşaraq edirəm.
Mən bu həyata aciz kimi gəlməmişəm. Atamın min hektarlarla ərazilik torpağı vardı. Buşun (oğul Corc Buş: ABŞ-ın keçmiş prezidenti – tərc) nə deməsindən asılı olmayaraq isə, bunu deməyi özümə şərəf bilirəm ki, mənim hazırda bir dollarım belə yoxdur. Bütün var-dövlətim onun kraxmallı köynəyinin cibinə asanlıqla sığışar. Və işdir şayət, haçansa, preventiv hücumlardan və beynəlxalq terrorizmdən qətiyyətlə mühafizə olunan var-dövlətimi harasa yerləşdirmək lazım olarsa, mən cənab Buşdan onun möcüzəvi cibini müvəqqəti mənə borc verməyi xahiş edəcəm. Əgər var-dövlətim Buşa az gələrsə, onda ona bütün sərvətimi cibinin icarə haqqı kimi öncədən təqdim edirəm.
Altı və ya yeddinci sinif şagirdi olduğum dövrü xatırlayıram. 12, ya 13 yaşım vardı. Doğulduğum kənddə elektrik enerjisi yoxuydu, ora ancaq at belində qalın palçıq təbəqəsiylə örtülmüş yolla çatmaq olardı. İlin böyük hissəsini – mən onda Santyaqo-de-Kubada internatta oxuyurdum – mən özümü ifrat seksual aparteid kimi hiss edirdim. Məktəblər ayrı olduğundan oğlanlarlar qızları hüdudsuz məsafələr ayırırdı. Onların bir-birindən uzaqlığı heç də bir neçə yüz illik işıq ilindən az deyildi. Bunla razılaşmaq çətin idi.
Mən inqilab hərəkatına başlayanda, ətrafımda cəmi 82 nəfər vardı. Əgər bunu təkrarlamalı olsaydım, mənə 10-15 nəfər də bəs edərdi. 10 nəfər və mütləq inam. Fərqi yoxdur, neçə nəfərsiniz. Lazım olan inanmaq, bir də dəqiq planın olmasıdır.
Qələbə - israr etməkdir.
Mən marksist-leninistəm, ömrümün axırına qədər də belə qalacam.
Bir müddət əvvəl yüksək çinli bir dövlət adamı Buşdan onun Kuba siyasəti barədə soruşdu. “Mən Kastronun ölümünü gözləyirəm”, - dedi Buş. Səmimi desəm, bu həşəmətli centlmenin gözləntiləri məni bir o qədər maraqlandırmır. Mən Buşun ölüm fərmanı oxuduğu ilk adam deyiləm, axırıncı da olmayacam. Həmin vaxt mən qəfildən Sarrianın, Batist ordusunun patrul komandiri, qaradərili leytenantın sözlərini xatırladım. O demişdi: “İdeyalar ölümsüzdür”. Bu lap çoxdan olub. O məni və kiçik dəstəmi əsir almışdı. Yadımdadır mənlə bağlı nə məqsəd güddüklərini, qarşılarında kimin olduğunu bildiklərini bir qram şübhə etmədən dərk edirdim. Sonra xatirimdədir biz bir yaxın dağda daxmada birlikdə yatırdıq, gecə birdən qaradərili leytanant bilaixtiyar təkrarlamağa başladı: “İdeyalar ölümsüzdür”. Bu möhtəşəm kəlmələri mən cənab Buş, şəxsən sizə həsr edirəm.
Buş faciəvi şəxsiyyətdir. Mən daim onun baxışlarını, sifətini, “görünməz ekranlarda” gördüyü hər şeyi ağlına durduq yerdə gəliblərmiş kimi sırımağa çalışan sırtıq cəhdlərini müşahidə edirəm. İraq siyasətini tənqid edən doğma atasına cavab verəndə, onun səsinin necə titrədiyini eşitmişdim. Və siz görməliydiniz senatorlar qarşısında şəxsi əmriylə nə qədər düşməni məhv etdiyi barədə lovğalanarkən, o, necə əcaib, vəhşi emosiyalar nümayiş etdirirdi.
Əgər sui-qəsddən yayınmaq olimpiya idman növü olsaydı, onda mən qızıl medal qazanardım.
Bütün Amerika prezidentləri və bu posta namizədlər arasında mən təkcə bir şəxs tanıyıram ki, etik və dini dünyagörüş olaraq Kubaya qarşı sərt terrorda iştirak etməmişdi – bu Ceyms Karter idi. Əminəm ki, digər Amerika prezidentlərindən fərqli olaraq, Karter heç vədə məni öldürmək əmri verməzdi - əlbəttə, bu, onun öz fikirlərinə qalsaydı. O, yeganə Amerika prezidenti olub ki, Kubaya qarşı münasibətdə dostluq addımları atıb.
Amerikan yalan dəryasında yeganə düzgün söz, tez-tez xatırladılan fakt odur ki, Kuba Amerika Birləşmiş Ştatlarının kontinental ərazisindən 90 dəniz mili məsafəsində yerləşir.
Zəngin və çiçəklənən ölkələrin arsenalında olan ən dəhşətli silah təhsilsizləri, xəstələri, kasıbları və acları asanlıqla məhv edə bilər. Ancaq o, cəhaləti, xəstəliyi, səfaləti və aclığı öldürə bilməz.
Dünya indi əlahiddə dövrə qədəm qoyub, hələ görəcəyik o, bu dövrdən necə çıxacaq.
Bəşəriyyətin xilası üçün nəsə etmək lazımdır! Ancaq gənclər bizi xəyal qırıqlığına uğratsalar, hər şey məhv olacaq.
Kapitalizm iyrəncdir. Onu bacardığı ancaq müharibə, riyakarlıq və rəqabətdir.
Hər zaman özümü xoşbəxt insan hesab etmişəm, ən azından ona görə ki, özümə uyğun siyasi nəzəriyyəni tapmışam, Kubanın siyasi çalxantılı dövrünü görmüşəm və özüm üçün marksizmi kəşf etmişəm. Bu, meşədə azanda, qəfildən xəritə tapmağa bənzəyir.
Kimlərinsə məni intiqamçı hesab etməsi xoşuma gəlmir. Mən sadəcə olaraq döyüşçüyəm. Teleskopik nişangahdan və avtomat tüfəngdən istifadə edə bilirəm.
Heç vaxt özümün yaşadığı ideyalarla İsanın yaşadığı ideyalar arasındakı ziddiyətlərə diqqət yetirməmişəm.
Mən Kubalıyam. Hərçənd Uqo Çaves iddia edir ki, məndə irqlərin qəribə qarışığı var. Və mən onunla razılaşmağa yaxınam. Mənim qanımda doğrudan da hindulardan, kanarlardan, keltlərdən nəsə var və başqa elə şeylər ki, onlar haqda ümumiyyətlə bixəbərəm.
Kuba azad, suveren ölkədir və əgər Avropa Birliyi düşünürsə ki, ona bərabərhüquqludan başqa nə cürsə baxa bilər, səhv edir.
Bizim ölkəmiz – sözün mənəvi mənasında cənnətdir. Dəfələrlə dediyim kimi biz cəhənnəmdə yaşamaqdansa, cənnətdə ölməyi üstün tuturuq.
İnqilab qızılgül ləçəkləriylə bəzənmiş yataq deyil. O, həyat uğrundakı savaş da yox, keçmiş və gələcək arasında ölümdür.
Əgər insanlar dəstəkləyirsə, ideyaların silahların dəstəyinə ehtiyacı yoxdur.
Bir dəfə yadımdadır, lap çoxdan Çe ilə qolf oynamağa getmişdik. Amma ağlınıza baş şey gəlməsin. Nə vaxtsa o keddi (qolfçu köməkçisi) olub – varlılar üçün top və çubuq gətirirdi. Vəssalam. Çe əsl ideya adamı idi.
Hansı idman növüylə məşğul olduğunu de, hansı müstəmləkə ölkəsindən olduğunu deyəcəm
Vətən – bəşəriyyətdir.
İnsan illərin ondan daha güclü olduğunu və qəlbindəki atəşin getdikcə titrədiyini və zəiflədiyini duymağa başlayırsa, zənnimcə, o artıq yaşamamalıdır.
İndi xəstə olduğum dövrdə məni bəzilərinin hakimiyyət adlandırdığı şeyə qayıdanda nə edəcəyim barədə sual atəşinə tuturlar. Bəs əslində mən nə edəcəm? Bütün həyatım boyu nə etmişəmsə onu - fasiləsiz işləyəcəm.
İnsan yaşlananda nə etməlidirsə, mən də indi onu edirəm – şəxsi qənaətimə görə, xüsusi vacib hesab etdiyim şeylər barədə düşünmək və yazmaq. Tamamlanmamış çoxlu materialım var. Mənim filmlər və fotolar üçün vaxtım yoxdur. Saç-saqqalımı qırxmağa da vaxtım yoxdur. Hər gün öz qayğıma qalmağa da. Qocalıqda bunlar o qədər də vacib deyil. Səhhətim o qədər də pis deyil, çəkim də stabil olaraq qalır – hardasa təqribən 80 kiloqram.
Nə qədər yaxşı görünsəm, o qədər çox müsahibə müraciətləri gəlir.
Çalışıram ki, düşüncələrim yığcam olsun. Onlar nə nəşrdə, nə televiziyada çox yer tutmalıdır. Bildiyim hər şey barədə danışa, tənqid edə bilmərəm, əks halda dövlətimizin ehtiyacı olan beynəlxalq əlaqələri qorumaq mümkünsüz olardı. Ancaq mən hər zaman devizə sadiqəm – heç vaxt yalan yazma.
İdeyalar insanla birgə doğulmur, üstəlik onunla birgə də ölmür.
Mən hələ də imperialistlərin dünyanı, onun təbii və insani resurslarını ətirli cib əskinazları ödəyərək satın almaq niyyətlərini çox açıq şəkildə hiss edirəm.
Bəzən mən gündəlik mübarizəmdə fasilə verirəm.
Hissiyat bilikdən daha vacibdir.
Mənə elə gəlir, bizlər istefaya bacardıqca gənc yollanmalıyıq.
Mənbə: Esquire
Rus dilindən tərcümə: Cavid Ramazanlı
Qaynarinfo.Az