
İspaniyadan ayrılıb müstəqil olmaq istəyən Kataloniya bu gün referendum keçirir.
"Qaynarinfo" xəbər verir ki, muxtar vilayətdə 60 min nəfər könüllü seçki keçirilməsi üçün nəzərdə tutulan binaların açıq qalması üçün məktəblərə və dövlət binalarına gedərək mədəni tədbirlər təşkil edib, ailələr isə pijamalarını geyinərək binalarda yatırlar. İspaniya höküməti Kataloniyada yerləşən dövlət binalarının səhər saat 6-ya qədər bağlanması üçün göstəriş verib.
Elektron səsvermənin qarşısı isə Xəbər Texnologiyası və Telekommunikasiya Mərkəzi və Kataloniya Xəbər Təhlükəsizliyi Mərkəzinə polis müdaxiləsi nəticəsində alınıb.
Kataloniyanın əsas ərazisi olan Barselonada çox sayda insan küçələrə toplaşıb və "Avtoritar dövlətə qarşı biz qələbə qazandıq. Hədələrə, yalanlara, müdaxilələrə baxmayaraq artıq buradayıq və bazar günü tarixi dəyişdirmək üçün küçələrə çıxacağıq" fikirləri səsləndirilir.
Referenduma dəstək verən fermerlər traktorlarla küçələri bağlayıb və polisin seçki məntəqələrinə çatmasının qarşısını almaq üçün cəhd göstəriblər. İspaniya isə 4 min nəfər polisi təhlükəsizlik və seçkilərə müdaxilə məqsədilə muxtar vilayətə göndərib. 
Ötən gün paytaxt Madriddə İspaniyanın birliyinin tərəfdarı olan və Kataloniyanın müstəqillik referendumuna qarşı çıxan insanlar da küçələrə yığışıb.
Qeyd edək ki, müstəqilliyə "Hə" deyənlər arasında məşhur aktyor Xavier Bardem, NBA basketbolçusu Pau Qasol, Mançester Siti futbol klubunun baş məşqçisi Pep Qvardiola, Barselona futbolçusu Cerard Pike də var.
Kataloniyanın müstəqil olacağı təqdirdə Barselona futbol klubunun La Liqada mübarizə aparması məsələsi də ciddi sualla qarşı-qarşıya qalacaq.
Təxminən 7,5 milyon əhalisi olan Kataloniya İspaniyanın ən varlı bölgəsi hesab edilir. Ərazidə 2014-cü ildə də simvolik referendum keçirilmiş, insanlar müstəqilliyə "Hə" demişdi.
Gülşən
Qaynarinfo.Az