Dünən Kataloniyanın müstəqilliyini elan etməsindən sonra İspaniya höküməti bölgənin muxtariyyət hüququnu ləğv etdi. Əraziyə yeni rəhbər təyinatı artıq həyata keçirilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ispan höküməti Kataloniya polis rəisi Luiz Traperonun vəzifəsinə son verib. Bundan əlavə, Kataloniya prezidenti Karles Puiqdemont və digər vəzifəli şəxslərin də fəaliyyəti sonlandırılıb. Bölgə idarəsi İspaniya prezidenti Mariana Raxoyun köməkçisi Soraya Saenz de Santamariyaya tapşırılıb.
Mariana Raxoy dünən Kataloniya parlamentinin buraxıldığını və 21 dekabrda seçkilərin keçiriləcəyini açıqlamışdı.
Kataloniyada İspaniyanın verdiyi qərara etirazlar davam edir. Digər tərəfdən isə İspaniyanın ərazi bütövlüyünü dəstəkləyən qruplar nümayişə hazırlaşırlar.
Qeyd edək ki, Kataloniya müstəqilliyini elan edəndən sonra İngiltərə və Avropa İttifaqına daxil olan ölkələr bu addımı dəstəkləməyib və İspaniyanın ərazi bütövlüyündən yana olduqlarını bildiriblər.
Gülşən
Qaynarinfo.Az