Xəbər lenti

Kazana getmək istəyənlər üçün YAZI (II hissə)
Dünya06:00 06.09.2016

Kazana getmək istəyənlər üçün YAZI (II hissə)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlk hissəsi bu linkdə (http://az.qaynarinfo.az/xeber-kazana-getmk-istynlr-ucun-yazi-t90234.html)

Tatarıstana gəlmisinizsə, mütləq "Çak-çak" adlı yerli şirniyyat növünün dadına baxmağınız tövsiyə olunur. Tatar və başqırdların milli şirniyyat növü sayılır. Elə Orta Asiyanın türkdilli ölkələrinin mətbəxinə də sonradan bu şirniyyat keçib. Dadı bizim ağız dadımıza da uyğun olan "Çak-çak"ın hazırlanması prosesi də elə çətin deyil. "Çak-çak" 3 stəkan un, 6 yumurta, 100 ml süd, 5 qram duz, 1 stəkan kərə yağı, 250 qram bitki yağı və 100 qram baldan hazırlanır. Kazanın istənilən marketində bu şirniyyata rast gəlmək mümkündür. Şəhərin mərkəzində "Çak-çak" turistlər üçün gözəgəlimli bağlamalarda da satılır. Əgər aldığınız şirniyyatın daha yaxşı görünməsini istəyirsinizsə, turistlər üçün nəzərdə tutulan cürbəcür çeşiddə bağlamalı olanlarından alın. Marketlərdən bu şirniyyatı 70-80 rubla (təxminən 2 manat) almaq olar...

Tatarıstanın ən böyük media şirkəti "Tatmedia" sayılır. Orda əsas diqqətimi cəlb edən məqam "Tatmedia"nın iri binasının yaxınlığındakı abidə oldu. Deməli, həmin abidə 1941-1945-ci illərdə vətəni qorumuş jurnalistlərə həsr olunub. Bu da hardasa onu göstərir ki, Tatarıstanda jurnalist əməyi yüksək qiymətləndirilir.

Burda Kazanka çayı şəhərin görkəmində xüsusi yer tutur. Məşhur Volqa çayının sol qolu olan Kazanka şəhəri 2 hissəyə ayırır. Uzunluğu 142 km olan bu çay vaxtı ilə tatar dilində "Qazansu" da adlandırılıb. 

Məhz bu çayın sağ sahilində Kazan Ailə Mərkəzi göz oxşayır. Kazankanın sol qolundakı Kreml yüksəklikdə olduğundan, ordan asanlıqla bu səadət sarayını görmək mümkündür. 2013-cü ilin iyulun 1-də açılan bu nikah sarayı Kremldən sonra Tatarıstanın rəmzinə çevrilibdir desək, yanılmarıq. Milliyyətcə buryat olan memar Daşi Namdakov bu sarayı şəhərin adına uyğun olaraq qazan üslubunda tikib (düzdür, Kazanın adı ilə bağlı müxtəlif versiyalar var. "Qazan"dan başqa, türdilli xəzərlərin adından, bulqarların "kaş-an" (sərhədin başlanğıcı) sözündən və ya "Xasan" adından "Kazan" adının yarandığını da iddia edirlər). Məhz bu görünüş turistlərin diqqətini cəlb edir. Maraqlıdır ki, burda ilk toy 6 iyulda - 2013-cü il Kazan Universiadasının açılış günündə edilib.

Ümumi ərazisi 6200 kvadrat metr olan bu sarayda 3 zalla yanaşı, bəy-gəlin otaqları, furşet və təbrik zalları var. Ən yuxarı hissədən isə şəhərin mənzərəsini görmək üçün əla şərait qurulub. Saray isə 4 tərəfdən qorxunc əjdaha heykəlləri ilə əhatə olunub. Bunlar Tatarıstanın bayrağında əks olunan "Zilant" adlı əjdaha və ya ilandan çox fərqlidir. Həmin qorxunc məxluqların rəsmləri Səadət Sarayının divarlarına da həkk olunub. Bu heykəllərin hazırlanması üçün respublika büdcəsindən 100 milyon rubldan çox pul xərclənib. Sizə onu da deyim ki, bu heykəllər hazırlanıb bitəndə yerli sakinlər tərəfindən bəyənilməyib. Onların sözlərinə görə, buryat memarın heykəlləri "Zilant"dan çox, monsterlərə oxşayır və qorxunc görünürlər.

Yeri gəlmişkən, türk-Altay mifologiyasında da İlan Ana adlandırılan "Zilant" "Zilan", "İlan" sözlərindəndir. Əfsanəyə görə, bu mifoloji varlıq Kazanka çayının Volqaya yaxın hissəsindəki dağda yaşayıb. İnanclara görə, bu varlıq Kaban gölündə xanlıq xəzinəsini qorumaqdadır. Kazan xanlığının nişanəsi məhz bu əjdaha olub. İvan Qroznının Kazanı ələ keçirməsindən sonra hökumət möhürü kimi bu nişanədən istifadə olunub. "Zilant" həm də hazırda Kazanın "Rubin" futbol klubunun simvolu sayılır. 

Məsələdən bir qədər aralı düşdük, deyəsən... Nikah bağlanması mərasimi sarayın içərisində edildikdən sonra bayırda da şənlik davam etdirilir. Belə ki, Kazanka çayının sahillərində bəylə gəlin yaxın qohumlarının əhatəsində şəkillər çəkdirir, əylənirlər. Həmin müddətdə qohumlar gül ləçəkləri və xırda əskinasları evlənən cütlərin başı üzərinə atır.

Bundan sonra bəylə gəlin çayın sahillərindəki dəmir hasarlara öz adları yazılmış qıfıllar vururlar. Bu o anlama gəlir ki, onların evlilikləri həyatdan köçənəcən möhkəm və dağılmaz olsun.

Çayın sol sahili həm də çimərlikdir. Yerli əhali isti yay günlərində bu çimərlikdən yararlanır. Müşahidə etdiyim qədəri ilə bu çaya tələbat çox böyükdür. Ancaq çayda çimmək qadağandır. Bunun üçün 2012-ci ildən qadağa işarəsi göstərən lövhələr quraşdırılıb. Əgər siz o çaya getmək istəsəniz, ancaq gün qəbul edə bilərsiniz. Düzdür, çimməyə görə heç kim sizi asıb-kəsməyəcək, nə də hər hansısa bir cərimə ödəməyəcəksiniz. Çünki yerli əhalinin özü bu qadağaya əməl etmir. "Lokomotiv" çimərliyinin baş xilaskarı Konstantin Lobanovun sözlərinə görə, çayın yaxınlığında motorlu qayıqlar və yaxtaların yer aldığı liman var. Bu üzdən çayın çimərlik hissəsinə mazut və digər maddələr çöküb. Nə qədər təmizlik işləri aparılsa da, çimərlik hələ də normalara cavab vermir. 

Yeri gəlmişkən, Kazanda olduğumuz son gün - iyulun 31-i bayram sayılırmış. Qarşımıza matros formasında çıxanlar və xüsusi bayraqlarla avtomobillərdə dövr edənlər çıxırdı. Səbəbini öyrəndikdə məlum oldu ki, 2006-cı ildə Vladimir Putinin sərəncamı ilə hər il iyulun son bazar günü Rusiya Federasiyasında Hərbi Dəniz Donanması Günü qeyd olunur. 

Çimərliyin yaxınlığında azərbaycanlı kababçılar da var. Masallıdan olan Zakir dayı və bacısıoğlu yayda çimərlikdə, qışda isə hansısa bir kafedə milli mətbəximizdən tatarlara daddırır. Onlar da bu çayda çimməyin ziyanlı olduğunu, təmiz olmadığını söyləyirlər. Adı Emin olan bacıoğlu deyir ki, burda ən təmiz yer "Qoluboe Ozero" gölüdür. Ancaq həmin göl çox şəffaf olduğu qədər də çox soyuqdur. Yəni, yayda hər adam orda çimməyə cürət etmir. Azərbaycanlılar demişkən, onlar burda düşündüyünüz qədər çox az da deyil. Tələbəsindən tutmuş, müvəqqəti çörək pulu qazanana kimi azərbaycanlılar Kazanda var.

Kazana gəlib, 4 iləvvəl "Neftçi"nin Avropa Liqasının qrup mərhələsində oynadığı Mərkəzi stadionu görməmək ayıb olar. Düzdür, onda güclü "Rubin" osetin Alan Kasayevin qolu ilə qalib gəlmişdi. Yəni, bu stadionda ən azından müstəqillik ilində tarixi nəticəmiz qeydə alınmayıb. Ancaq hər halda təxminən 25 minlik arena elə də çətin yerdə yerləşmir. Kazan sirkinin düz yanında yerləşən Mərkəzi stadiona Kremlə baş çəkdikdən sonra da baxmaq olar. "Kreml" metrostansiyasının çıxışından stadion görünür.

Lakin 2013-cü ilin iyunun 14-də "Kazan-Arena"nın açılmasından sonra Mərkəzi stadion "Rubin" klubu üçün əsas yox, ehtiyat məkana çevrilib (ümumiyyətlə, şəhərdə 3 stadion var, digəri "Rubin" stadionudur). 45 minlik tutuma malik olan yeni arena şəhərin mərkəzindən nisbətən kənarda tikilib. Vladimir Putin və Dmitri Medvedevin açılışına qatıldığı bu stadionda ilk matç 2014-cü ilin avqustun 17-də "Rubin"lə Moskva "Lokomotiv"i arasında keçirilib. 2018-ci ildə Rusiyanın 11 şəhər və stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının qrup oyunlarından bəziləri, eləcədə 1/8 və 1/4 finalın 1 oyunu məhz "Kazan-Arena"da baş tutacaq. "Rubin"in hazırkı əsas stadionu gələn il iyunun 17-dən iyulun 2-dək Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun yarımfinal matçına da ev sahibliyi edəcək.

Yazının I hissəsində qeyd etmişdim ki, səfər yoldaşımla birgə tutduğumuz ilk oteli internet yoxluğu üzündən cəmi 1 gün qaldıqdan sonra tərk etməli olmuşduq. Daha sonra şəhərin mərkəzində qısa müddətə otel tapmağımız mümkünsüz olduğundan, Kazanın kənarından bir məkan tapmaq məcburiyətində qaldıq. Beləliklə, Novo-Savinovski rayonunda interneti olan bir oteldə qalmalı olduq. Ancaq bu rayonda qalmalı olsanız, heç də pis olmağa lüzum görmürəm. Çünki Kazan kiçik şəhər olduğundan, “Yaşlek” və ya “Kozya Sloboda” metrostansiyalarına avtobusla 10 dəqiqəyə çatmaq, ordan isə mərkəzə getmək mümkündür. 

Üstəlik, bu rayonda yuxarıda bəhs etdiyim “Kazan-Arena” da yerləşir. Bu rayonda ən diqqətçəkən məkanlar isə “Park Hauz” (Park House) adlı iri ticarət mərkəzi və Qələbə Parkıdır (Park Pobedı).

Image

Son olaraq Qələbə Parkı haqda bəhs etmək istəyirəm. Məhz mərkəzdən kənar rayonda qalmağımıza görə özümə təsəlli verməyimin səbəbi bu parkı görməyim oldu. Deməli, Qələbə Parkı II Dünya Müharibəsi zamanı şəhid olmuş Tatarıstan hərbçilərinin şərəfinə salınıb. Park təxminən 50 hektarlıq ərazini əhatə edir. Əslində bu park 70-ci illərdə tikilib. Park tikilməzdən əvvəl bura bataqlıq olub (yeri gəlmişkən, burda parka gedən yolda filmlərdə gördüyümüz bataqlıqların oxşarları hələ də qaldığı üçün axşamlar ağcaqanadlar dolu olur). Bataqlıqlar qurudularaq yerində 1418 ağac və kol əkilib.

Ancaq burdakı xatirə abidəsi isə 1995-ci ildə - Böyük Vətən Müharibəsinin başa çatmasının 50 illik yubileyi zamanı tikilib. Bu abidədə bütün şəhidlərin adları yazılıb. Vladimir Putin baş nazir olduğu vaxt burda daimi yanan məşəlin ətrafına gül qoyma mərasimində iştirak edib.

Parkda ən çox diqqətçəkən məqam təbii ki, içərisində yerləşən artilleriyadır. Toplar, tanklar, helikopterlər, hərbi təyyarələr, raket atan maşınlar Böyük Vətən Müharibəsində istifadə olunmuş vasitələrdir. Hər bir hərbi vasitənin qarşısında onların adları, istifadə üsulu və digər göstəriciləri əks olunub (bu şəkillərə yazının aşağısında fotoqalereya kimi baxa bilərsiniz).

Lakin təəssüfləndirici məqamlar da mövcuddur. Tankların, BTR, BMD-lərin önünə tablo yerləşdirilib: "Üzərlərinə çıxmaq olmaz". Ancaq bəzən bu göstərişə əməl qoyulmur və onların üzərinə çıxıb şəkil çəkdirənlər tapılır.

İstənilən halda, Moskvadan sonra Rusiyada ən çox turistin axın etdiyi Kazan gedilməli, görülməli və gəzilməli şəhərdir. İmkan olsa, bu fürsətdən yararlanın...

SƏBUHİ TOFİQOĞLU