Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Zepp Blatter təşkilatın hazırkı rəhbəri Canni İnfantinonun yerinə Norveç Futbol Assosiasiyasının prezidenti Liza Klavenessin seçilməsini təklif edib.
Qaynarinfo xəbər verir ki, Blatter sosial şəbəkədə paylaşdığı açıqlamada Klavenessin prinsipial mövqeyi ilə seçildiyini vurğulayıb.
"Liza Klaveness ən yüksək hörmətə layiqdir. O, hər zaman aydın mövqe nümayiş etdirən və ümumi axına qoşulmayan yeganə şəxslərdən biri olub. FIFA-ya rəhbərlik etmək üçün artıq qadının vaxtı çatıb", deyə Blatter bildirib.
45 yaşlı Liza Klaveness Norveç milli komandasının keçmiş futbolçusudur. O, 2022-ci ildə Norveç Futbol Assosiasiyasının (NFF) prezidenti seçilib.
İyulun 28-də yayılan məlumata görə, Canni İnfantino dünya çempionatının idarə olunması üçün ayrıca şirkətin yaradılması və onun səhmlərinin 20–30 faizinin investorlara satılması layihəsi üzərində işləyirdi.
Lakin bu təşəbbüs ciddi etirazla qarşılanıb. Məlumata əsasən, UEFA-ya üzv bütün ölkələr, o cümlədən Rusiya, layihə qəbul ediləcəyi təqdirdə 2030-cu il dünya çempionatını boykot etmək barədə yekdil qərar veriblər. Daha sonra Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) da bu mövqeyə qoşulub. Nəticədə FIFA sözügedən layihədən imtina edib.
Canni İnfantino 2016-cı ilin fevralından etibarən FIFA-ya rəhbərlik edir. O, bu vəzifədə korrupsiya qalmaqallarından sonra istefa verən Zepp Blatteri əvəz edib. FIFA prezidentinin növbəti seçkilərinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır.
Aydın
Şərhlər