Xəbər lenti

Kənd Təsərrüfatı Nazirliyi subsidiyalarla bağlı araşdırma aparır?
Ölkə16:30 08.02.2015

Kənd Təsərrüfatı Nazirliyi subsidiyalarla bağlı araşdırma aparır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənd təsərrüfatına ayrılan subsidiyaların aidiyyatı qurumlardakı ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsi məsələsi yenidən gündəmə gəlib. Hətta dövlət başçısı İlham Əliyevin subsidiyalardan narahatlıqla danışması problemin ciddiliyinin yuxarı səviyyələrə qədər məlum olduğunu deməyə əsas verir. Bu çıxış məsələyə yenidən diqqəti çəkib. 
Əksər ekspertlər bildirirlər ki, ortada çox ciddi məqamlar var. Bəzi ekspertlərsə, artıq aidiyyatı qurumların çıxışdan nəticə çıxardıqlarını qeyd edirlər.
Ekspert Fikrət Yusifov bildirir ki, dövlət başçısı məsələyə həssas yanaşıb: “Bu il yanvar ayının 27-də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev aqrar sektora dövlət büdcəsindən ayrılan subsidiyaların istifadəsi zamanı yol verilmiş neqativ hallara çox kəskin bir münasibət bildirmişdi. Ölkəmizin tarixən aqrar bir ölkə olması və aqrar sektorun hərtərəfli inkişafı üçün məmləkətimizdə geniş imkanların mövcudluğu, indiki şəraitdə bu sahəyə daha ciddi yanaşmanı zəruri edir. Dövlət başçısının qeyri-neft sektorunu inkişaf etdirmək və bu yolla ölkə iqtisadiyyatının və dövlət büdcəsinin neftdən asılılığını minimuma endirmək məqsədilə müəyyən etdiyi kursun tezliklə reallaşmasında aqrar sektorun rolu əvəzedilməzdir. Elə bu səbəbdəndir ki, prezident məlum sərəncamla 2015-ci ili kənd təsərrüfatı ili elan etmişdi. Aqrar sektorda necə uğur qazanmağın yollarını çox gözəl bilən prezident həmin konfransda bu sahənin ən həssas məsələlərinə - dövlətin bu sahəyə ayırdığı vəsaitlərin istifadəsində yol verilmiş ciddi nöqsanlara öz kəskin münasibətini ortaya qoydu. Aqrar sektorun işinin daha düzgün təşkili bu sahəyə ayrılan vəsaitlərin necə səmərəli istifadə edilməsindən birbaşa asılıdır. Burada söhbət kəmiyyət deyil, keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasından gedir. Yəni dövlət aqrar sektorun inkişafı üçün milyardlarla manat vəsait ayırsa belə, əgər onun istifadə mexanizmində ciddi dönüş etməklə şəffaflıq təmin olunmasa, burada ayrılan vəsaitlərin səmərəli istifadəsindən söhbət belə gedə bilməz”. 
Ekspertin sözlərinə görə, dövlət başçısının çıxışından sonra vəziyyət dəyişə bilər: “Hesab edirəm ki, prezident kənd təsərrüfatına ayrılan subsidiyaların istifadəsində yol verilmiş ciddi pozuntulardan danışmaqla, məhz bu vəsaitlərin istifadəsində əsaslı dönüş etməyi Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyinin qarşısında bir vəzifə olaraq qoydu. Məndə olan məlumatlara görə, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi artıq bu sahədə çox ciddi addımlar atıb. Heç şübhə yoxdur ki, aqrar sektorda cari ilin göstəriciləri bu addımların nə qədər effektli olduğunu ortaya qoyacaq. Bu sahədə uğurların əldə ediləcəyini biruzə verən məqam ondan ibarətdir ki, ötən ilin quraqlıq keçməsinə baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyinin bir il ərzində gördüyü səmərəli tədbirlər aqrar sektorun bir sıra sahələrində ciddi irəliləyişlərin əldə edilməsinə gətirib, çıxarmışdı. Əslində aqrar sektorda aparılan islahatlar bir qayda olaraq, 2-3 ildən sonra müsbət nəticələr əldə etməyə imkan verir”.
Qeyd edək ki, məlum çıxışında İlham Əliyev 2013-cü ildə kənd təsərrüfatı naziri təyin edilən Heydər Əsədova xitabən kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin səbəbinin yalnız quraqlıqla bağlı olmadığını vurğulayıb: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”.
Ekspertlərin sözlərinə görə, müzakirələrin dövlət başçısı səviyyəsində aparılması artıq hədlərin aşıldığının və korrupsiyanın miqyasının daha çox genişlənməsinin göstəricisidir. Ekspertlər bu qənaətdədirlər ki, Kənd Təsərrüfatı Nazirliyi bu sahəyə ciddi nəzarət etmir. Yəni subsidiyaların ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsinin qarşını almaq üçün nazirlik heç bir cəhd etmir. //musavat.com
Qaynar.info