İdman 14:13 06.11.2023

“Kəpəz” niyə bərbad durumdadır? - Sultanov səbəbləri dedi

"Kəpəz”də heç də xoş günlər yaşanmır. Mövsümə uğursuz başlayan, getdikcə geriləyən, nəhayət ötən turda qapısından 7 qol buraxan Gəncə klubunda bu gün çaxnaşma görünür. Komandada, demək olar, ruh yoxdur, həm fiziki, həm də psixoloji məğlub kimi meydana çıxırlar. Nəticədə komandanın baş məşqçisi Azər Məmmədov "Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra istefa verdi. Halbuki yay fasiləsində böyük ümidlərlə baş məşqçi təyin olunmuşdu. Bəs "Kəpəz”də nə baş verir?

Bu barədə sualı Azərbaycanın tanınmış veteran futbolçularından olan Ceyhun Sultanov cavablandırıb. Vaxtilə Gəncə klubunda çıxış etmiş sabiq yarımmüdafiəçi Qaynarinfo-ya açıqlamasında bunun əsas səbəbinin maliyyə və idarəçiliklə bağlı olduğunu söylədi:

"2010-cu ildə, mən oynadığım dönəmdə "Kəpəz” daha maraqlı idi və yaxşı idarə edilirdi. Hər şey zamanında olurdu. Bu gün klubun içində olmadığım üçün çox şey deyə bilmirəm. Lakin görünən odur ki, "Kəpəz”in işi yaxşılığa doğru getmir. Azarkeşləri həmişə tələbkar olub. Mənə elə gəlir, maliyyə yoxdursa, orada nəyisə düzəltmək çox çətin olacaq. İlk səbəb budur. Digər səbəb isə Azərbaycanın ikinci böyük şəhərinin komandasına laqeyd yanaşılmasıdır. Gəncə adı varsa, komandaya daha yaxşı baxılmalıdır. Dırnaqarası yanaşırlarsa, elə Birinci Liqada qalıb oynamaları daha yaxşı idi. Gəlib-gedənə uduzmasını Gəncə komandasına yaraşdırmıram. Baş məşqçini də günahlandıra bilmirəm. Çünki maliyyə dəstəyi yoxdur. Belə vəziyyətdə komanda qura bilməzsən”.

Sultanov bundan əvvəlki baş məşqçi Tərlan Əhmədovun da nəticələrini yaxşı hesab etmədiyini dedi:

"Daha yaxşı nəticə nəyə deyirsiniz? Premyer Liqada qalmağa? "Kəpəz” üçün Premyer Liqada qalmaq yaxşıdırsa, mən bunu nəticə hesab etmirəm. Gəncə komandası yuxarı yerlər üçün mübarizə aparmalıdır. Komanda yaradıldı ki, Premyer Liqada iştirak etsin. Ancaq belə iştirakdansa, Birinci Liqada oynamaları daha yaxşı idi. Yetərincə maliyyə ayrılmır. Üstəlik, komanda daxilində çox dedi-qodular var, hansı ki, mən belə şeyləri xoşlamıram. Mənim dönəmimdə belə hallar yaşansaydı, bu komandada oynamazdım. Oynaya bilməzdim. Hara, nə vaxt baxırsan, "Kəpəz”dən bir xəbər çıxır. O dalaşdı, bu savaşdı, daha nələr… Belə idarəçilik olmaz. Pul, nəticə olmaya bilər. Amma bu qədər dedi-qodu yolverilməzdir. Sanki həvəskar komandadır. Bu nəticələri, idarəetməni, ümumiyyətlə, belə klubu Gəncəyə yaraşdırmıram”.

Keçmiş futbolçu onu da vurğuladı ki, sponsor dəstəyi olsa belə, indiki rəhbərliyin komandanı daha yaxşı duruma gətirəcəyi, nəsə edəcəyi inandırıcı deyil:

"İnandırıcı görünmür, bilirsiniz niyə? İlqar Nadirini tanıyıram, ona hörmətim var.  Neçə illərdir əziyyət çəkir. Lakin gəncəli azarkeşlərdə ona qarşı neqativ fikirilər yaranıb. Neqativlik varsa, onu pozitivliyə çevirmək çox çətindir. Kluba azarkeşlərin inandığı insan və maliyyə lazımdır. Maliyyə olmasa, İlqarı çıxarıb başqasını gətirsələr belə, effekt ala bilməyəcəklər. Deyirlər ki, İlqar Nadiri futbol adamı deyil. Baxın, neçə ildir klubdadır. Nə oldu, indi yada düşdü ki, futbol adamı deyil? Bunu elə əvvəldən deyərdilər də. Azdan-çoxdan nəsə etməyə çalışdı. Pulu yoxdursa, neyləməlidir? Lap kluba futbol adamını rəhbər təyin etsinlər. Maliyyəsiz hər şey boşuna olacaq. Mən də klub idarə etmişəm. Bilirəm ki, komandanı formalaşdırmaq üçün ən vacib olan maliyyədir. Hər şey bununla bitmir. Həm də o maliyyəni düzgün yönəltmək lazımdır”.

Səbuhi Həsənov