Azərbaycan Premyer Liqasında XII turun son görüşləri keçirilib.
Qaynarinfo xəbər verir ki, hər iki qarşılaşma Bakıda təşkil olunub.
Günün ilk oyununda Zirə İdman Kompleksinin stadionunda eyniadlı klub "Keşlə" ilə üz-üzə gəlib. Oyuna fəal başlayan meydan sahibləri 6-11-ci dəqiqələrdə Xulio Sezar Rodrigezın dubluna sevinib (biri penaltidən). 35-ci dəqiqədə Cavid Hüseynov fərqi 3 topa çatdırıb. İlk yarının əlavə vaxtında Ruslan Qurbanov fərqi azaltsa da, "Keşlə"nin bundan artığına gücü çatmayıb. Əvəzində 59-cu dəqiqədə Sezar Meza Kolli meydandan qovuulub. Bu qələbə sayəsində "Zirə" xallarını 14-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib.
Bu, iki komandanın 18-ci görüşü olub. 18 matçın 5-də "Zirə", 5-də "Keşlə" qələbə qazanıbsa, daha 8-i heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "Zirə"nin üstünlüyü var - 20:18. Qəsəbə təmsilçisi ardıcıl 8 ev oyununda qol vurub. "Keşlə” ardıcıl 3 matçdı meydanı qolsuz tərk etmir.
Turun son oyunu isə "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında baş tutub. 5 qolun vurulduğu oyunda meydan sahibləri 4:1 hesablı qələbə qazanıb. İlk yarıda Soni Mustivar, Ömər Buludov və Stiven Monroz "Neftçi"nin 3:0 hesablı üstünlüyünü təmin edib. Qalan iki qol isə matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə vurulub. 90+2-ci dəqiqədə Evangelos Platellas fərqlənib. İki dəqiqə sonra isə Donald Gerye qapıları səhv salaraq avtoqol müəllifi olub. Bu qələbədən sonra "Neftçi" ikinci pilləyə yüksəlib.
Bu komandalar arasında 46-cı matç olub. Bu oyunların 21-dən "Neftçi", 16-dan "Qəbələ" qalib ayrılıbsa, daha 9 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "flaqman"ın üstünlüyü var - 65:58. "Ağ-qaralar” 11 oyundu meydanı qolsuz tərk etmir.
Qeyd edək ki, turun ilk 2 oyununda "Sumqayıt" evdə "Qarabağ"a 2:1, "Sabah" isə səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib.
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, XII tur
24 noyabr
Zirə - Keşlə 3:1
Qollar: Xulio Sezar Rodrigez, 6-pen. 11. Cavid Hüseynov, 35 - Ruslan Qurbanov, 45+4.