Xəbər lenti

Kibergeosiyasət və informasiya təhlükəsizliyi
Siyasət09:41 07.04.2014

Kibergeosiyasət və informasiya təhlükəsizliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaz Ömərov

XXI əsrin başlanğıcından kiber-məkana köçürdülən bütün qlobal proseslər dünya ölkələri arasında bu məkana nəzarəti ələ keçirmək üçün amansız bir mübarizənin başlanmasına səbəb oldu. 

Siyasi, iqtisadi, sosial, ictimai və digər bütün məsələlərin həll edildiyi virtual kiber məkan ona nəzarət edənlərin marağına xidmət edərək, aşağıdan yuxarıya həyatın bütün sahələrini təsir altına alır. 

Hazırda ABŞ Milli Telekommunikasiya və İnformasiya İdarəsinin nəzarət etdiyi ən iri qlobal serverlərin işinin tənzimlənməsi üçün Vaşinqton yeni kibersiyasi doktrina üzərində işləyir. Əvvəllər senzuranın ümumiyyətlə olmadığı, zaman keçdikcə qismən müəyyən qadağaların tətbiq edildiyi internetin fəaliyyətinin tənzimlənməsi üçün qaydalar toplusuna ehtiyac duyulur. Kiberşəbəkənin "neytrallıq konsepsiyası"na artıq yenidən baxılır. 

Qeyd edək ki, indiyədək kiberməkanda heç bir ölkəyə qarşı ikili standartlar tətbiq olunmayıb. Hər hansı web-resursun dərc etdiyi istənilən xarakterli material heç bir senzura süzgəcindən keçmədən internet məkanında istifadəçilər tərəfindən rahatca oxunur və izlənir. Dünyada gedən proseslər-terror, kriminal, müharibələr, iqtisadi savaşlar, getdikcə kiberməkana da sıçrayaraq leksikonumuza bir "kibermüharibə" termini də əlavə etdi.

Rəqabətdə olan bütün ölkələr, qurum və təşkilatlar arasındakı anlaşılmazlıqlar internet məkanına daşındı. Qısa müddət ərzində elektron internet saytları, sosial şəbəkələrdəki səhifələr kiberdöyüş məkanına çevrildi. Psixoloji təsir metodları və kütləvi yayılan informasiya vasitəsi ilə internet istifadəçiləri arasında yaradılmış qruplar müəyyən dairələrin marağına xidmət etməyə başladı. Artıq bəşəriyyət nəbzinin vurduğu kiberməkan bütün məsələlərin həll olunduğu müstəvidir. Dünya miqyasında danışıqlar, yazışmalar, pul köçürmələrin və. s gerçəkləşdiyi internet artıq siyasi qadağalarla dolu bir məkana çevrilməyə başlayır.

Rusiyanın Krımı işğal etməsindən sonra Moskvaya qarşı artan beynəlxalq təzyiqlər nəticə vermədikdə, kiberməkanda rus resurslarına girişin məhdudlaşdırılması gündəmə gəldi. Bu isə "kiberliberalizm" dövrünün bitməsi, internetdə "neokiberkonservatizm" dövrünün başlanması kimi dəyərləndirilir. Xatırladaq ki, "şəbəkə neytrallığı " konsepsiyasını özlərini kiberliberallar adlandıran qrup hazırlamışdı. Qrupun devizi belədir: "Heç kəs azad bazardan kənar azad ola bilməz".

2014-cü ilin yanvar ayında Davosda keçirilən beynəlxalq forum zamanı internetin idarə edilməsi üçün qlobal komissiyanın yaradılması haqda razılıq əldə olunub. Komissiyanı ona görə Qlobal adlandırırlar ki, o qloballaşma tərəfdarı olan neoliberal klubun maraqlarını müdafiə edir. Bu kluba ABŞ və Qərbi Avropanın siyasətə inteqrasiya etmiş maliyyə elitası daxildir. Amma Qlobal komissiyanın yaradılması haqda əldə olunan ilkin razılığa baxmayaraq, interneti ABŞ-ın nəzarətindən çıxarmaq mümkünsüz görünür. Dünyanın böyük internet şirkətləri ABŞ sahibkarlarına məxsusdur. Ekspertlər bunun üçün kosmosa nəzarətin ələ keçirilməsinin vacibliyini vurğulayırlar. Rusiyanın qlobal rabitə şəbəkəsini ABŞ-ın nəzarətindən çıxarmaq üçün həyata keçirdiyi "QLONASS" layihənin iflasa uğraması sübut etdi ki, hələlik NASA-nın kosmos üzərindəki hegemonluğunu ala biləcək ikinci layihə yoxdur. Kiberməkanda aktivliyin artması artıq ABŞ administrasiyasını hərəkətə gətirib. Ölkədə Kiberkomandanlıq yaradılıb. Bu yaxınlarda prezident Barak Obamanın əmri ilə vitse-admiral Maykl Rocersi Milli Təhlükəsizlik Agentliyinin rəhbəri və eyni zamanda "Pentagon"un Kiberordusunun komandanı təyin edilib. Artıq kiberordular da yaradılır. Dünyanın şəkli, qayda-qanunları, düzəni sürətlə dəyişir.

P.S. Qərbin "qara siyahısı"na düşən Rusiyanın Avrasiya ittifaqı çərçivəsində ətrafında birləşdirməyə çalışdığı ölkələr artıq kiberməkanda hədəf altındadır. Texnoloji üstünlüyündən istifadə edib Rusiyaya qarşı kiber müharibəyə başlayacaq ABŞ-ın kiberordusu vasitəsi ilə bu ölkəyə vura biləcəyi zərbə, dünya müharibəsinin vura biləcəyi zərbədən qat-qat ağır ola bilər. Artıq ağır silahlar və hərbi gücdən çox "şəbəkə döyüşçülərinə", kiberorduya ehtiyac var. Artıq intellektin, ağlın müharibəsi dövrü yetişib. Yad, kənar, xarici qüvvələrin əlində alət olmaq, milli dövlətçiliyimizi itirmək və xalq olaraq tarixdən silinmək istəmiriksə, kibersavaşa, şəbəkə müharibəsinə hazır olmalıyıq, heç kəsə ağlımızdan manipulyasiya etməyə imkan verməməliyik. Dünyada gedən proseslər artıq bizim də İnformasiya Təhlükəsizliyi Doktrinamızın hazırlanması və həyata keçirilməsinə zərurət yaradır.//interpress