Xəbər lenti

Kiçik Tramp atasının iddia etdiyi Qrenlandiyaya niyə gedir? - Mübahisəli planlar gündəmdə
Dünya 17:17 07.01.2025

Kiçik Tramp atasının iddia etdiyi Qrenlandiyaya niyə gedir? - Mübahisəli planlar gündəmdə

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın oğlu Donald Tramp Jr atasının iddia etdiyi Qrenlandiyaya qısa səfər etmək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Tramp Jr şəxsi bloqu üçün video çəkilişləri həyata keçirmək məqsədilə adada yalnız bir gün keçirəcək. O, Qrenlandiya hökumət nümayəndələri və ya yerli siyasətçilərlə heç bir görüş planlaşdırmadığını bildirib. Bu məlumatı ona yaxın mənbələr təsdiqləyib.

Donald Tramp özü də səfər xəbərlərini təsdiqləyib. O, Qrenlandiyalıların MAGA (Make America Great Again - Amerikanı Yenidən Böyük Edək) hərəkatını dəstəklədiyini iddia edib.

"Qrenlandiyalıların MAGA-ya dəstək verdiyini eşidirəm. Oğlum və digər nümayəndələr adanın ən gözəl yerlərini və tarixi məkanlarını ziyarət etmək üçün səfər edəcək. Qrenlandiya inanılmaz bir yerdir və əminəm ki, o, bir gün bizim ölkəmizin bir hissəsi olduqda böyük fayda əldə edəcək. Biz Qrenlandiyanı qoruyacaq və xarici dünyadan müdafiə edəcəyik. Qrenlandiyanı yenidən böyük edək!", deyə Tramp qeyd edib.

Qrenlandiyanın xarici işlər naziri Mininquak Kleyst Donald Tramp Jr çərşənbə axşamı günü adaya özəl bir səfər edəcəyini təsdiqləyib və Qrenlandiya hökumətindən görüş tələbi olmadığını bildirib.

Eyni zamanda, ABŞ prezidentinin müşaviri İlon Mask platforma X-da paylaşaraq qeyd edib ki, Qrenlandiya xalqı öz gələcəyini müəyyən etməlidir: "Məncə, onlar Amerikanın bir hissəsi olmaq istəyirlər".

Qrenlandiya parlamentinin üzvü Aaya Hemnits isə "Facebook"da paylaşım edərək, ABŞ-ın yeni seçilmiş prezidentinə "yox" deməyin vacibliyini vurğulayıb:

"İnanılmazdır ki, bəziləri xoşbəxtliyin Amerikanın vətəndaşı olmaqda olduğunu düşünə bilər. Biz Trampın imperiyasını genişləndirmək xəyallarının bir hissəsi olmaq istəmirik".

Donald Tramp ötən ilin dekabrında Qrenlandiya üzərində ABŞ-ın nəzarətinin "mütləq zəruri" olduğunu bildirmişdi. Bundan başqa, o, Panama kanalına da iddialar irəli sürərək, Panamanın kanalı ədalətsiz şəkildə idarə etdiyini qeyd etmişdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->