ABŞ-ın Kaliforniya ştatında yerləşən Müqəddəs Pauls Lüter Kilsəsinin "Zoom" proqramı vasitəsilə keçirdiyi "İncil dərsi" hakerlərin hücumuna məruz qalıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ayin oxunuşu zamanı proqrama qatılanların hesabını ələ keçirən hakerlər ekrana porno və uşaq təcavüzü ilə bağlı görüntülər yerləşdiriblər. Bu səbəbdən kilsə "Zoom"u istifadəçi hüquqlarının pozulması, təhlüksizlik və gizliliyin təmin edilə bilməməsi səbəbindən məhkəməyə verib.
Kilsə oxşar hadisələrin daha əvvəl də baş verdiyini, lakin şirkətin gəlirini müştərilərin təhlükəsizliyindən üstün tutaraq bu barədə heç bir addım atmadığını bildirib və təzminat tələb edib.
"Zoom"dan isə elə həmin gün hakerin kimliyinin müəyyən edildiyi və həmin şəxs barəsində müvafiq dairələrin məlumatlandırıldığı bildirilib. Şirkət şifrələri çox adamla paylaşmamağı tövsiyə edərək, təhlükəsizliyin bir müddət əvvəl gücləndirildiyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-da siyasi partiyalardan birinin konfransı və Yeni Zellandiyada da məktəblilərin dərs prosesi zamanı bənzər hadisə yaşanmışdı.
Camal