Xəbər lenti

Kimyəvi silahdan istifadə təsdiqini taparsa, Rusiya tam olaraq təklənəcək- Şərh
Dünya14:12 12.04.2022

Kimyəvi silahdan istifadə təsdiqini taparsa, Rusiya tam olaraq təklənəcək- Şərh

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər. Bu barədə və Qərb mətbuatı məlumat yayıb. Nəticədə zəhərli maddənin təsirinə məruz qalan qurbanlarda tənəffüs çatışmazlığı və sinir sistemi pozğunluğunun müşahidə olunduğu bildirilir. Hadisədən bir neçə saat əvvəl RİA Novosti-nin yaydığı bir məlumatda isə deyilir ki, qondarma "Donetsk Xalq Respublikası"nın milis qruplaşmalarının liderlərindən biri Eduard Basurinin dilindən "Mariupoldakı ukraynalı müdafiəçilərin "Azovstal" zavodunda tam mühasirəyə alınaraq, onlara qarşı kimyəvi silahdan istifadə edilməlidir" fikri səslənib. O bildirib ki, yeraltı istehkamlara hücum etməyin mənası yoxdur, sadəcə kimyəvi qoşunlara müraciət etməliyik.
Siyasi dairələrdə belə bir sual müzakirə edilir - Mariupolda kimyəvi silahdan istifadə məsələsi öz təsdiqini taparsa, proses nələrə gətirib çıxara bilər? Qeyd edək ki, bu hadisə təsdiqini taparsa, istər-istəməz böyük qalmaqala səbəb olacaq. Son günlər Rusiya ordusu Buça şəhərində dinc sakinlərə qarşı qətliam törətmək, indi isə Mariupoldakı müdafiəçilərə qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham olunur. Bu mənada baş verən həmin iki hadisə, xüsusən də sonuncusu tam şəkildə təsdiqini taparsa, yaranmış vəziyyətdə Rusiyanın vəziyyəti heç də yaxşı olmayacaq. Rusiya sözün həqiqi mənasında birmənalı şəkildə bütün aspektlər üzrə daha kəskin sanksiyalara məruz qalacaq. Çünki bu halda Rusiyaya qarşı beynəlxalq hüququn kobud şəkildə pozulması maddəsilə ittihamlar irəli sürüləcək və Moskva daha da təklənəcək, daha artıq dərəcədə küncə sıxışdırılacaq. Həmin olaydan sonra indiyə kimi, bitərəf qalan bir sıra dövlətlər də ola bilsin, açıq şəkildə Rusiya əleyhinə olan qüvvələrə qoşulsun. Belə olan halda, NATO baş katibi Yens Stoltenberqin bəyan etdiyi kimi 48 gündür davam edən müharibənin xarakteri də dəyişə bilər. Kimyəvi silahdan istifadə məsələsi Qərbin Ukraynaya hərbi baxımdan dəstəyinin daha da artmasına, bu məsələdə müəyyən tərəddüd edən ölkələrin də prosesdə iştirakına da rəvac verə bilər. Belə durumun Rusiya qazından hələ də imtina etməkdə tərəddüd edən ölkələrin mövqeyində əsaslı dəyişiklik yaradacağı da gözləniləndir. Amma bütün hallarda kimyəvi silah məsələsi təsdiqini tapsa da belə, NATO Ukrayna məsələsinə əvvəlki tək birbaşa müdaxilə etməyəcək.
Hətta Ukrayna səmasının uçuşlar üçün qadağan edilməsinə də getməyəcək. Digər  tərəfdən, hadisə Rusiyanın informasiya müharibəsində tamamilə uduzmasına gətirib çıxaracaq. Amma bütün hallarda, Rusiyadan kimlərinsə həmin cinayətə görə, beynəlxalq məhkəmə qarşısında cavab verəcəyi də gözlənilmir. Moskva buna imkan vermək istəməyəcək.  Ən azından Putinin hakimiyyəti dönəmində bu baş verməyəcək.
Rüfət Sultan