Yeni açıqlanan məlumatlara görə, kişilərə edilən estetik cərrahiyyə əməliyyatlarının sayı son on ildə demək olar ki, ikiqat artıb. Mütəxəssislər, xüsusilə gənc kişilər və bəzi regionlarda tələbin diqqətəlayiq dərəcədə artdığını bildirirlər.
Qaynarinfo xəbər verir ki, Parisdə keçirilən kosmetik tibb sektorunun illik toplantısında təqdim olunan məlumatlara görə, estetik əməliyyatlara olan maraq kişilər arasında sürətlə artır. Qeyd edilir ki, bu artım xüsusilə gənc kişilər və Yaxın Şərq və Latın Amerikası ölkələrində daha aydın görünür.
Beynəlxalq Estetik Plastik Cərrahlar Cəmiyyəti (ISAPS) tərəfindən açıqlanan rəqəmlərə əsasən, 2018–2024-cü illər arasında dünya üzrə kişilərə edilən cərrahi estetik əməliyyatlar 95 faiz artıb. İnyeksiyalar, lazer prosedurları və dəri soyma kimi cərrahi olmayan estetik tətbiqlərdə isə artım eyni dövrdə 116 faizə çatıb.
Eyni dövrdə qadınlara edilən cərrahi estetik əməliyyatlar 59 faiz, cərrahi olmayan estetik tətbiqlər isə 55 faiz artıb. Buna baxmayaraq, kişilər hələ də qlobal miqyasda bütün estetik prosedurların yalnız 16 faizini təşkil edirlər.
IMCAS konfransında təqdim olunan bazar analizində bu tendensiyanın sosial normalardakı dəyişiklikləri əks etdirdiyi vurğulanıb. Analizdə qeyd olunur ki, kişilər estetik prosedurları əvvəlki dövrlərlə müqayisədə daha çox qəbul edirlər.
Analizdə həmçinin Z və Y nəsillərinin əvvəlki nəsillərlə müqayisədə kosmetik tibb sahəsi ilə daha erkən yaşda tanış olduqları diqqətə çatdırılıb. Mütəxəssislərə görə, bu, estetik prosedurlara münasibətin normallaşmasında mühüm rol oynayır.
2025-ci il üçün estetik cərrahiyəyə ən yüksək tələbin ABŞ-da olacağı bildirilir. Ölkə qlobal bazarın təxminən 45 faizini təşkil edir. ABŞ, botoks kimi cərrahi olmayan prosedurlarda da lider mövqedədir və bu sahədə qlobal tələbin 56 faizini təmin edir.
Lakin mütəxəssislər ABŞ-da artım sürətinin 2030-cu ilə qədər illik təxminən 5 faiz səviyyəsinə enəcəyini gözləyirlər. Buna qarşılıq Asiya-Sakit Okean regionunda estetik prosedurların eyni dövrdə təxminən 7 faiz artacağı proqnozlaşdırılır.
Aydın
Şərhlər