Xəbər lenti

KİV: Tramp Si Szinpini öz andiçmə mərasiminə dəvət etdi...
Dünya 12:12 12.12.2024

KİV: Tramp Si Szinpini öz andiçmə mərasiminə dəvət etdi...

Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp Çin lideri Si Szinpini gələn ay keçiriləcək andiçmə mərasiminə dəvət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə CBS News bir neçə mənbəyə istinadən məlumat yayıb.

Jurnalistlərə danışan mənbələrə görə, Tramp Si Szinpini 2025-ci ilin yanvarında keçiriləcək andiçmə mərasiminə dəvət edib. Məlumatlara əsasən, mərasim təşkilatçıları digər xarici rəsmiləri də dəvət etməyi planlaşdırırlar.

Mənbələr bildirir ki, Tramp dəvəti noyabrın əvvəlində, seçkilərdən dərhal sonra göndərib, lakin Si Szinpinin dəvəti qəbul edib-etmədiyi hələ məlum deyil.
Si ilə yanaşı, yeni seçilmiş prezidentin komandası 20 yanvarda Kapitolidə digər liderlərin qəbul edilməsi imkanını da müzakirə edib.

Məlumata görə, bu həftə Tramp ilə Mar-a-Laqoda görüşən və onunla yaxın əlaqələrə malik olan Macarıstanın baş naziri Viktor Orban hələ ki mərasimdə iştirak edib-etməməyi düşünür.

"Prezident Tramp ilə görüşmək istəyən dünya liderləri növbəyə düzülür, çünki onlar onun tezliklə hakimiyyətə qayıdacağını və Amerikanın gücü ilə dünyada sülhü bərpa edəcəyini bilirlər", – deyə Trampın mətbuat katibi Karolina Levit bəyan edib.

CBS News qeyd edir ki, adətən andiçmə mərasiminə səfirlər və digər diplomatlar dəvət olunur. Dövlət Departamentinin 1874-cü ildən bəri qeydlərinə əsasən, xarici liderlər heç vaxt hakimiyyətin təhvil verilməsi mərasimində iştirak etməyiblər.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron, 2024-cü il seçkilərində qələbədən sonra Trampı xaricdə qəbul edən ilk dünya lideri olub. O, Parisdə Notr-Dam Kilsəsinin açılışında iştirak edib və mərasimdə Ukrayna prezidenti Vladimir Zelenski də olub.

Xatırladaq ki, Tramp yaxınlarda bəyan edib ki, vəzifədə olduğu ilk gündə Kanada, Meksika və Çindən ABŞ-a idxal olunan bütün məhsullara tariflər tətbiq edəcək.
O, bu qərarını həmin dövlətlərin ABŞ-a narkotiklərin daxil olmasının qarşısını almaması ilə əsaslandırıb. Tramp Çini xüsusilə fentanil kimi böyük miqdarda narkotik axını ilə bağlı çoxsaylı müzakirələr aparmaqda ittiham edib, lakin bu müzakirələrin nəticəsiz olduğunu bildirib.

Bundan sonra Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi Liu Penqyu bəyan edib ki, nə ABŞ, nə də Çin ticarət müharibəsində qalib gəlməyəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->