Rusiya reaktiv mühərrikli zərbə dronlarından istifadəsini artırır. Bu isə Ukraynanı yeni hava hücumundan müdafiə vasitələrinin hazırlanmasını sürətləndirməyə məcbur edir.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Kyiv Independent” yazıb.
Nəşrin məlumatına görə, hava müharibəsinin yeni mərhələsi xüsusilə Kiyevdə nəzərə çarpır. Avqustun 20-nə keçən gecə Rusiyanın genişmiqyaslı hücumu nəticəsində 15 nəfər həlak olub. Paytaxt həmin günün gündüz saatlarında da dron hücumlarına məruz qalıb. Müəllif bunu Rusiyanın “Shahed” dronlarının reaktiv versiyalarından getdikcə daha fəal istifadə etməsi ilə əlaqələndirir.
Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığının kommunikasiya idarəsinin rəhbəri Yuri İqnatın sözlərinə görə, belə aparatların sayı sürətlə artır.
“İyulda onların sayı iyun ayı ilə müqayisədə beş dəfə çox olub”, deyə o, “The Kyiv Independent”ə bildirib.
Onun sözlərinə görə, bəzi günlərdə reaktiv dronlar sutka ərzində buraxılan bütün pilotsuz uçuş aparatlarının üçdə ikisinə qədərini təşkil edir.
Sürətli dronlar Ukraynanın müdafiəsini çətinləşdirir
Ukrayna əvvəllər porşenli mühərriklərlə təchiz olunan daha yavaş “Shahed” dronlarına qarşı mübarizədə əhəmiyyətli nəticələr əldə edib. Ukrayna hərbçiləri FPV-dronlardan ibarət ələkeçiricilərdən kütləvi şəkildə istifadə etməyə başlayıblar. Nisbətən ucuz mülki dronların bu məqsədlə istifadəsi onları hava hücumundan müdafiənin effektiv elementinə çevirib.
Belə ələkeçiricilərdən biri olan “Wild Hornets STING”in qiyməti təxminən 2300 dollardır.
İnformasiya Dayanıqlılığı Mərkəzinin tədqiqatçısı Kayl Qlenin məlumatına görə, Rusiya adi “Shahed”lərin buraxılışlarının sayını sürətlə artırıb. Pik göstərici 2026-cı ilin mayında qeydə alınıb. Həmin ay Rusiya təxminən 7500 dron buraxıb.
Hücumların miqyasına baxmayaraq, Ukraynanın ələkeçirmə vasitələri porşenli mühərriklərlə təchiz olunan “Shahed”lərin təxminən 95 faizini məhv etməyə imkan verib.
Lakin müəllifin qeyd etdiyi kimi, daha sürətli reaktiv modellərin meydana çıxması vəziyyəti dəyişir. Adi “Shahed” təxminən 185 km/saat sürət yığa bildiyi halda, onun “Geran-4” və “Geran-5” adlı reaktiv versiyaları müvafiq olaraq təxminən 500 və 600 km/saat sürətlə uça bilir.
Bu səbəbdən həmin dronları FPV-ələkeçiricilər və mobil atəş qrupları ilə məhv etmək daha çətinləşir.
Ukrayna kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiyanın reaktiv dron istehsalı ayda təxminən 3000 ədədə çatır. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, avqust ayında reaktiv zərbə dronlarının istehsalı artıq porşenli versiyaların istehsalını üstələyib.
Bununla yanaşı, yeni aparatların daha mürəkkəb və bahalı olması səbəbindən son aylarda Rusiyanın ümumi dron buraxılışlarının sayı azalıb.
Ukrayna yeni ələkeçiricilər hazırlayır
Ukrayna paralel olaraq öz ələkeçirmə sistemini uyğunlaşdırmağa çalışır.
Proqram üzərində işləyən adı açıqlanmayan ukraynalı mühəndis nəşrə bildirib ki, ölkənin istehsalçıları mövcud ələkeçiricilərin sürətini əvvəlcədən artırmağa başlayıblar. Onun sözlərinə görə, artıq reaktiv hədəfləri təqib edə bilən prototiplər mövcuddur.
“Bu, mühəndislik problemidir və onun mühəndislik həlli var”, deyə mühəndis vurğulayıb.
O həmçinin qeyd edib ki, yeni ələkeçiricilər artıq seriya ilə istehsal olunan modellərdən əhəmiyyətli dərəcədə baha olmamalıdır.
Digər istiqamət isə yerli reaktiv ələkeçiricilərin hazırlanmasıdır. Avqustun 14-də keçmiş müdafiə naziri Mixail Fedorov saatda 600 kilometrə qədər sürət yığa bilən aparatların sınaqdan keçirildiyini açıqlayıb.
Avqustun 21-də isə Ukrayna Müdafiə Nazirliyi ilk yerli reaktiv ələkeçirici olan “Alexa Spatium”un rəsmi olaraq silahlanmaya qəbul edildiyini elan edib.
Nəşrin məlumatına görə, bu aparat yüksək sürət yığa bilir və hədəfi məhv etmədiyi halda yenidən istifadə oluna bilər. Dronlarla mübarizədən əlavə, ələkeçirici yerüstü hədəflərə və helikopterlərə qarşı da istifadə edilə bilər.
Aydın
Şərhlər