Xəbər lenti

Kiyev Donbasa xüsusi status versə, nə baş verər? – Politoloqun şərhi
Siyasət13:15 15.02.2022

Kiyev Donbasa xüsusi status versə, nə baş verər? – Politoloqun şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kiyevin Donbasa xüsusi status verməsi onun ətrafında yaşanan gərginliyi azaltmayacaq. Əslində, Ukrayna heç bir halda buna getməyəcək. Ona görə ki, həmin addım Ukraynanın parçalanmasına şərait yaradardı”. 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Kiyevin Donbasa Minsk razılaşmasında nəzərdə tutulduğu kimi xüsusi status verməsinin bölgədə müharibə həddinə gətirib çıxaran gərginliyin azalmasına xidmət edib-etməyəcəyinə aydınlıq gətirərkən deyib:
"Prinsip etibarı ilə Minsk razılaşması Donbasla bağlı xüsusi qanunun qəbul edilməsini nəzərdə tuturdu. Sadəcə olaraq, Ukraynanın istəyiniə görə, öncə Rusiya silahlıları Donbas ərazisindən çıxmalı, Kiyev sərhədə nəzarətini bərpa etməli, yalnız bundan sonra həmin ərazi üçün özünüidarəetmə forması müəyyən edilməlidir. Moskva isə bunun əksinə, öncə muxtariyyətin verilməsində maraqlıdır”.
Həmsöhbətimiz deyir ki, Kiyev Minsk razılaşmasına yenidən baxılmasını istəyir:
"Ümumiyyətlə, Donbasa muxtariyyət verilməsi Ukrayna dövlətinin parçalanmasına gətirib çıxara bilər. Ona görə də Kiyev Minsk razılaşmasına yenidən baxılmasının tərəfdarıdır. Digər tərəfdən, Minsk razılaşması hakimiyyətdə olan heç bir Ukrayna siyasi lideri tərəfindən imzalanmayıb. Həmin sənədlər sadəcə olaraq, prezidentlərin xüsusi nümayəndələri tərəfindən imzalanıb və qanunverici orqan tərəfindən ratifikasiya edilməyib”.
Buna əsasən də ekspert hesab edir ki, Minsk sənədinin legitimliyinin özü sual altındadır:
"Donbasa muxtariyyət verilməsi Ukrayna üçün əslində, bir dalandır. Bu dalandan Kiyevin çıxması üçün uzun zaman lazım gələrdi. Ukrayna bu məsələni hərbi yolla həll etmək üçün hələlik kifayət qədər güc də toplamayıb. Ukraynanın tərəfində indilik ancaq beynəlxalq hüquq var. Ancaq Azərbaycan nümunəsi də göstərir ki, məsələnin həlli üçün tək beynəlxalq hüquq kifayət etmir. Burada beynəlxalq hüquqla gücün sintezi lazımdır. Donbas üzərində Ukraynanın müəyyən yumşalmalara getməsi üçün Avropanın bəzi ölkələrinin təzyiqləri də hiss olunur”.
F. Məmmədovun fikrincə, Kiyevin Donbasa xüsusi status verməsinə Rusiya Dövlət Dumasının DXR və LXR kimi separatçı rejimləri tanıması da əngəl ola bilər:
"Rusiya Dövlət Dumasında bu məsələ gündəmdədir. Bu, baş verərsə, müharibəyə doğru bir addım irəli gediş baş verəcək. Çünki separatçılar hazırda Luqansk və Donetsk ərazisinin 40 faizinə nəzarət edir. Tanınma baş versə, separatçılar hazırda Ukraynanın nəzarətində olan yerdə qalan 60 faiz ərazini də işğal etməyə girişəcək”.
Rüfət Sultan