Xəbər lenti

Kiyev dondurulmuş münaqişəni etiraf, qələbəni elan etməlidir... - FT
Dünya10:58 19.12.2023

Kiyev dondurulmuş münaqişəni etiraf, qələbəni elan etməlidir... - FT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın ən qatı Qərb tərəfdarlarından bəziləri Kiyevin dondurulmuş münaqişəni etiraf və qələbəni elan etməli olduğunu bildirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.
"Biz hekayəni tərsinə çevirməli və Putinin uğursuza düçar olduğunu söyləməliyik", - keçmiş ABŞ rəsmilərindən biri deyib. 
Məqalədə bildirilir ki, Ukrayna yeni ilə sursat, pul və diplomatik dəstək çatışmazlığı ilə qədəm qoyur. Bu tənqidi çatışmazlıqların altında başqa bir mühüm qüsur dayanır: ölkə və onun Qərb tərəfdaşları artıq inandırıcı qələbə nəzəriyyəsinə malik deyillər. Onlar belə nəzəriyyəni fikirləşməyincə, Qərbin Ukraynaya dəstəyi səngiyəcək.
Materialda deyilir ki, mövcud vəziyyət bu ilin əvvəlində hökm sürən nikbinliklə kəskin şəkildə ziddiyyət təşkil edir. O zaman Kiyev və onun tərəfdarları qələbənin necə əldə olunacağına dair aydın təsəvvürə malik idilər. Ukrayna yaz-yayda hücuma keçməli, Rusiya xətlərini yarıb Krımı təhdid etməli idi.
"Göyərçinlər” ümid edirdilər ki, bu, Moskvanı Kiyev üçün məqbul şərtlərlə sülh danışıqlarına başlamağa məcbur edəcək. "Şahinlər” Krıma hücuma keçəcəklərini və Vladimir Putin rejiminin süqutuna gətirib çıxaracaqlarını bildiriblər.
"Ancaq əks-hücum uğursuz oldu və nə "şahinlər”, nə də "göyərçinlər” onların qələbə nəzəriyyəsinin gerçəkləşdiyini gördülər”, - məqalədə deyilir.
Nəşr qeyd edir ki, 2024-cü il üçün perspektivlər "daha qaranlıqdır”.
"Həm Aİ, həm də ABŞ yeni hərbi yardım paketləri ilə bağlı razılığa gəlməkdə çətinlik çəkir. Qərb liderləri müntəzəm olaraq Ukraynaya "nə qədər lazımdırsa” dəstək verəcəklərini vəd edirlər. Məqalədə deyilir ki, prezident Co Bayden bu yaxınlarda bu vədi "bacardığımız qədər” kimi formalaşdırdı. 
"Financial Times” yazır ki, inandırıcı qələbə nəzəriyyəsi olmadan Ukraynaya Rusiya ilə danışıqlar aparmaq üçün təzyiqlər artacaq.
"Ukraynalılar Rusiyanın razılaşmaya sadiq qalacağına əmin olsaydılar, hətta ərazi güzəştləri də olsa belə, razılaşa bilərdilər. Amma Ukrayna rəsmiləri Putinin bağladığı və sonra pozduğu bir sıra razılaşmaları misal çəkə bilər. Onlar hesab edirlər ki, hərbi əməliyyatların istənilən formada dayandırılması Rusiya tərəfindən sadəcə olaraq yenidən silahlanma fürsəti kimi istifadə olunacaq”, - məqalədə deyilir.
Materialda bildirilir ki, Rusiya ilə Ukrayna arasında rəsmi razılaşmaya alternativ münaqişənin faktiki dondurulması ola bilər. Belə olan halda Ukrayna əsasən müdafiə mövqeyi tutacaq və Rusiyanın gələcək irəliləyişinin qarşısını alacaq. Döyüşlər heç vaxt tam dayanmayacaq, ancaq səngiyəcək.
"Dondurulmuş münaqişə ilə rəsmi sülh müqaviləsi arasında aralıq vəziyyət kimi atəşkəs sazişi ola bilərdi", - məqalədə deyilir.
Nəşr yazır ki, söhbət hər iki tərəfin heç bir fundamental siyasi məsələni həll etmədən yalnız hərbi əməliyyatların dayandırılması barədə razılıqdan gedir.
"Bu halda model kimi Koreya müharibəsinin sonu və yarımadanın Şimali və Cənubi Koreyaya bölünməsi olardı”, - məqalədə deyilir. 
Nəşr yazır ki, "Cənubi Koreya modeli həm də Ukraynanın qələbəsinin mümkün yeni nəzəriyyəsinə işarə edir”.
Nizami Bağırov