Xəbər lenti

Kiyev separatçı Dnestryanı bölgəyə qoşun yeridə bilərmi? - Ekspert rəyləri
Dünya08:24 28.04.2022

Kiyev separatçı Dnestryanı bölgəyə qoşun yeridə bilərmi? - Ekspert rəyləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son zamanlar belə fikirlər səslənir ki, Ukraynanın cənub-şərq hissəsinin işğalına nail olandan sonra, Rusiyanın növbəti hədəfi Moldova olacaq. Bu fonda hətta bildirilir ki, Moldovanın Dnestryanı bölgəsinin separatçı qüvvələri və oradakı rus sülhməramlıları arxadan Ukrayna Ordusuna zərbə vurmağı düşünür. Belə vəziyyətdə Kiyevdə bir çoxları bu qənaətdədir ki, Ukrayna özünün arxa cəbhəsinin təhlükəsizliyini təmin etmək üçün Moldova ərazisinə daxil olaraq buradakı separatçıları və az sayda olsa da rus qüvvələrini zərərsizləşdirməlidir. Mətbuatın yazdığına görə, Kiyevin bununla bağlı Moldova rəsmilərinin razılığını almaq üçün Kişinyova müraciət də edib. 
Görəsən, hərbi əməliyyatların gedişində Ukrayna mövcud vəziyyətdən asılı olaraq belə bir addım ata bilərmi və bu baş versə, müharibənin gedişinə necə təsir edər?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən hərbi ekspert İbrahim Rüstəmli düşünür ki, Kiyevin hərbi əməliyyatların gedişində Moldovaya daxil olaraq Dnestryanı separatçılarını məhv etməsi ideyası populist olmaqla yanaşı, perspektivi olmayan addım olardı: 
"Ukraynanın separatçı Dnestryanı bölgəsinə hücum ehtimalı populist çıxışdır. Düşünmürəm ki, öz ərazilərini çətinliklə müdafiə edn Kiyev buna getsin. Rusiyanın insan və silah baxımından resursları çox güclüdür. Ona görə də Ukraynada bu istiqamətdə səslənən fikirləri sadəcə özünümüdafiə instinkti ilə əlaqələndirirəm. Ukrayna ordusunun Moldovaya daxil olaraq oradakı separatçıları zərərsizləşdirməsinin perspektivi yoxdur”. 
Politoloq Zərdüşt Əlizadə isə bildirir ki, Ukrayna Dnestryanı separatçılarını asanlıqla məhv edə bilər, amma həmin bölgədən təhlükə olmadığından buna getmək Kiyevə lazım deyil: 
"Dnestryanı qondarma respublikasında Rusiyanın hərbi hissəsi var. Bu mənada Ukrayna Ordusu ölkəsinə təcavüz edən Rusiyanın hərbi hissələrini harda yerləşməsindən asılı olmayaraq vura bilər. Amma bu Kiyevə lazımdırmı? Dnestryanı bölgədəki həmin hərbi hissə gerçəkdən Ukrayna ordusuna təhlükə törədirmi? Mütəxəssislərin dediyinə görə, təhlükə törətmir. Oradakı rus hərbçiləri 1500 nəfərlik döyüş qabiliyyəti olmayan qüvvələrdən ibarətdir. Rusiyanın özü də onları hərəkətə gəirə bilməz. Çünki bu halda Ukrayna Ordusu onları darmadağın edəcək. Rusiyanın Ukraynanın cənub-şərqini tutması ehtimalı da sıfırdır. Rus ordusu nə Odessa, nə də Nikolayevi tuta biləcək. Rusiya ordusunun döyüş qabiliyyəti zəifləyir”. 
Rüfət Sultan