Xəbər lenti

Kiyev və Moskvanın informasiya savaşı: kim qalib gəlir? - Ekspertlər
Dünya08:50 13.06.2022

Kiyev və Moskvanın informasiya savaşı: kim qalib gəlir? - Ekspertlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hər hansı bir müharibədə real nəticənin əldə edilməsi istiqamətində informasiya savaşı da mühüm yer tutur. Bu mənada, Rusiyanın Ukraynada başladığı müharibə də istisna deyil. Bu müharibədə görünən odur ki, Ukraynanın informasiya məkanı daha açıqdır. Digər tərəfdən, Qərbin aparıcı informasiya resursları da əsasən Ukraynanın maraqlarından çıxış edirlər. Rusiyada isə müharibə başlanandan informasiya blokadası elan edilib. Bu ölkədə Rusiya ordusu barədə hər hansı bir məfi fikir söyləmək belə uzun müddətli həbsə gətirib çıxara bilər.
Bəs, peşəkarlar necə düşünür: İnformasiya savaşını hansı ölkə daha yüksək səviyyədə aparır - Ukrayna, yoxsa Rusiya? 
Qaynarinfo-ya çıqlamasında məsələyə münasibət bildirən tanınmış jurnalist Arif Əliyevin fikrincə, informasiya müharibəsində Rusiya mövqelərini əldən verib:
"İnformasiya savaşında Ukraynanın üstünlüyü müşahidə edilir. İlk növbədə ona görə ki, Ukrayna təcavüzə məruz qalan ölkədir. Bu səbəbdən də dünya Kiyevdən gələn informasiyalara daha çox həssaslıqla yanaşır. Digər tərəfdən, müharibə fonunda dünyanın mühüm hissəsi Rusiyaya qarşı öz resurslarını, o cümlədən informasiya resurslarını birləşdirdi. Rusiyanın aparıcı informasiya vasitələri dünyanın bir çox ölkələrində bloklandı. Nəticədə informasiya müharibəsində Rusiyanın mövqeləri zəiflədildi. Son 10 ildə Avropada güclü mövqelər ələ keçirməyi bacaran Rusiya qısa zamanda informasiya müstəvisində məğlub oldu”. 
"Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlinski də düşünür ki, Ukrayna tərəfi faktlarla daha yaxşı işləyir:
"Ukrayna informasiya savaşında Rusiyaya uduzmur. Çünki onlar mütəşəkkil və peşəkarcasına işləyirlər. Amma ruslar da geri qalmır. Rus jurnalisti Kiselyovun ustalıq və peşəkarlığına söz yoxdur. Faktları elə bir mövqedən təqdim edir ki, tanımayanlar dərhal ona inanır. Amma biz jurnalistlər həqiqətin harada olduğunu bildiyimiz üçün onun qarmağına keçmirik”. 
"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev qeyd edir ki, informasiya axınını məhdudlaşdırmaqla Rusiya prosesdə geri qalır:
"Ukrayna informasiya savaşını udur. Çünki o açıq savaş aparır. İnformasiya axınlarını məhdudlaşdırmır. Rusia isə saytları bloklamaqla bu savaşı faktiki olaraq uduzur. Daxildə informasiya məhdudlaşdırılıb. Media sıradan çıxarılıb, ona təzyiq var. Əks fikir söyləyənlərə qarşı cinayət işi açılır. Bu da Rusiyanın informasiya savaşında uduzduğunun göstəricisidir. Çünki haqq və həqiqət onun tərəfində deyil”.
Rüfət Sultan