Ukrayna Milli polisi Rusiya Dövlət Dumasının deputatının Kiyevdə 11 mənzilini aşkar edib və səkkiz məhkəmə qərarı ilə axtarış aparıb. Ukrayna hüquq-mühafizə orqanları deputatın adını açıqlamayıb, sadəcə onun 1968-ci ildə Mariupolda doğulduğunu və Ukraynaya qoşun yeridilməsinə səs verdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Milli polisi teleqram kanalında məlumat yayıb.
"Strana.ua” yazır ki, qeyd edilən əlamətlərə "Vahid Rusiya” partiyasından olan deputat, müdafiə komitəsinin sədr müavini Dmitri Sablin uyğun gəlir. Lakin Sablin özü bunu təkzib edib. O, RİA Novosti-yə bildirib ki, Kiyevdə heç bir mülkü yoxdur. "Şəxsən mən Kiyevdə heç nəyə malik deyiləm. Amma Kiyevin özü Rusiyadır”, - deputat bildirib.
Dövlət Dumasının saytında dərc edilən 2021-ci il üçün gəlir məlumatında Sablin xaricdəki daşınmaz əmlak haqqında məlumat göstərməyib. O, iki torpaq sahəsi, iki yaşayış binası, bir mənzil, dayanacaq və təsərrüfat binasını bəyan edib. Bütün sadalanan obyektlər Rusiya ərazisindədir.
Deputatın həyat yoldaşının iki mənzili, iki avtomobil dayanacağı, qeyri-yaşayış sahəsi və qeyri-yaşayış binası var. Onların hamısı Rusiyada yerləşir.
Ukrayna Milli Polisinin press-relizində deyilir ki, hazırda deputatın Kiyevdəki daşınmaz əmlakına həbs qoyulması məsələsi həll olunur. Sablin Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilinir.
Nizami Bağırov