Xəbər lenti

Kiyevin ardınca Kişinyov: Ukraynaya dişi batmayan Moskva Moldovaya da göz dikib
Dünya12:22 26.04.2022

Kiyevin ardınca Kişinyov: Ukraynaya dişi batmayan Moskva Moldovaya da göz dikib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada ciddi uğur əldə edə bilməyən Rusiyanın işğal niyyəti deyəsən tək bu ölkə ilə bitən deyil. Belə ki, bu günlərdə Rusiya Mərkəzi Hərbi Dairəsi komandirinin müavini Rüstəm Minnekayev müharibənin Ukrayna ilə bitməyəcəyini bəyan edib.
O, Rusiyanın rusları qorumaq bəhanəsi adı altında növbəti hədəfinin Moldova olacağına işarə vurub. Moskva iddia edir ki, Moldovada rusdillilərə qarşı böyük təzyiq var. Lakin Moldova Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, Rusiyanın bu istiqamətdə verdiyi bəyanatlar əsassızdır. Rusiyanın bu bəyanatları beynəlxalq aləmdə tanınan milli suverenliyimizə və müstəqilliyimizə hörmət edən dövlətlərlə ziddiyyət təşkil edir. Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumunun ilk dövründən belə fikirlər səslənirdi ki, Moskva Moldovaya qarşı da anoloji hərəkətdə bulunacaq. Hətta bildirilirdi ki, Odessa şəhəri daxil Ukraynanın cənub-qərb ərazilərinin işğalı prosesinə qondarma Dnestryanı rejimin qoşunları da cəlb oluna bilər. Rusiyanın Moldovaya münasibətdə də belə bir planının olması ehtimalı istisna deyil.
Belə ki, Kişinyov da Kiyev kimi Moskvanın ziddinə olaraq qərbpərəst siyasət yürüdür. Bu müstəvidə Ukrayna üzərində qələbə çalması fonunda Rusiya ordusunun Moldovaya da hücuma keçəcəyi gözlənilən versiyadır. Ancaq Kremlin bu istəyinin reallaşması üçün ilk növbədə onun Ukrayna üzərində qələbə çalması lazımdır. Hazırkı situasiyada Rusiya hərbi müstəvidə diqqətini Ukraynanın şərq və cənub ərazilərinə yönəldib. Məqsəd Donbasın bütün ərazilərinə nəzarəti ələ keçirmək, Ukraynanın Qara dənizə çıxışına son qoymaq, Krımla Rusiyanın əsas hissəsi arasında quru yola yiyələnməkdir. Moskva bu məqsədinə nail olacağı təqdirdə, Rusiya təhlükəsi Moldova üçün də real ola bilər. Çünki bu halda Rusiya ordusu artıq Moldova sərhədində olacaq.
Minnekayevin açıqlaması Dnestyanı separatçılara arxadan hərəkətə keçmək üçün bir siqnal da ola bilər. Lakin Qərbin Ukraynaya dəstəyinin daha da artması fonunda güclü müqavimətlə üzləşən rus ordusunun bu vəzifənin öhdəsindən gələcəyi inandırıcı görünmür. İndiki halda Rusiya hələlik qələbədən çox uzaqdır. Əksinə, müharibə uzandıqca rus ordusunun Ukraynada uğur əldə etmək imkanları da tükənir. Bu mənada, Minnekayevin açıqlaması sadəcə qərbyönümlü siyasət yürüdən digər ölkələrə də hədə-qorxu gəlmək, habelə Rusiya ictimaiyyətində Ukraynada ilişib qalan rus ordusunun guya daha böyük uğurlar qazanmağa qadir olduğu obrazını formalaşdırmaq məqsədi daşıyır.
Rüfət Sultan