Xəbər lenti

Körpələr arasında ölüm halları niyə artıb? - Həkimdən xəbərdarlıq
Sağlamlıq 14:52 04.06.2024

Körpələr arasında ölüm halları niyə artıb? - Həkimdən xəbərdarlıq

Azərbaycanda son üç ildə bir yaşadək ölən uşaqların sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə 2 039 nəfər bir yaşadək uşaq vəfat edib. Onlardan 1 146 nəfəri oğlan, 893 nəfəri isə qızdır. 2022-ci ildə bir yaşadək bütün səbəblərdən ölən uşaqların cəmi sayı 959, 2021-ci ildə isə 840 nəfər olub.

Bir yaşadək körpələrin ölüm səbəbinə gəldikdə isə qeyd edilib ki, ötən il 1 287 nəfər perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat edib.

2022-ci ildə həmin dövrdəki müxtəlif hallardan ölən uşaqların sayı 392, 2021-ci ildə isə 349 olub.

Ölkədə körpə ölümü səviyyəsinin azaldılmasında 1991-ci ildən bəri ciddi irəliləyişlər olub, 2004-cü ildən sonra bu sahədə müsbət addımlar atılıb. 1991-ci ildə hər 1 000 nəfər diri doğulana 93 körpə ölümü halı qeydə alınırdı. Sonrakı illərdə bu rəqəm xeyli aşağı endi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildə bu rəqəm 28,2 nəfərə qədər azalıb.

Bu azalma yaxın illərə qədər davam edib, ana və uşaq ölümlərinin sayında azalma müşahidə edilib. 2019-cu ildə bir yaşa qədər ölən uşaqların sayı isə 1 557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 959 olub. Lakin rəqəmlərdən göründüyü kimi, 2023-cü ildə yenidən bir yaşadək ölən uşaqların sayı artıb.

Uşaq ölümlərinin artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.media-ya danışan pediatr Vaqif Qarayev deyib ki, dünyada bir yaşa qədər uşaq (südəmər dövr) ölüm sayı, ölüm faizi həmin ölkənin səhiyyəsinin səviyyəsini göstərir:

"Təkcə uşaq yox, həm də ana ölümü bura aiddir. Bir yaşına qədər anatomik fizioloji xüsusiyyətləri fərqli olduğuna görə hələ mükəmməl inkişaf eləmir, həm də immuniteti aşağı olur.

Bu yaşdakı uşaqlar ən çox tənəffüs və mədə-bağırsaq sistemi xəstəliklərinə meyillidirlər və bu onlarda ağır keçir. Bundan başqa, mərkəzi sinir sistemi xəstəlikləri, anadangəlmə patologiyalar, irsi xəstəliklər, qan xəstəlikləri var. Ona görə də bu uşaqlar arasında ölüm faizi yüksəkdir.

Körpələr arasında ölüm sayının bizdə niyə bu qədər artdığını deyə bilməyəcəyəm, çünki o rəqəm stabil idi, dünya standartlarına uyğun olmasa da, standart idi. Hamı bilməlidir ki, sadaladığım orqan və sistemlər xəstəliyə çox meyillidir. Perinatal dövrdə, bir aylıq uşaqdakı pnevmoniya bir yaşındakı uşaqdakı pnevmoniyadan ağır keçir, müalicəyə çox çətinliklə tabe olur".

Həkim bildirib ki, hamilə qadın mayalanma günündən uşaq doğulana qədər mütləq həkim nəzarətində olmalıdır:

"Hamiləlik zamanı keçirilən infeksiyalar birmənalı olaraq dölə, onun immun sisteminə təsir edir. İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin necə olduğunu dəqiq bilmirəm, amma bizdə bu məsələ xoşagələn halda deyil. Hamilə qadın 9 ayda bir dəfə həkim qapısını döymür, doğulanda da bəlli olur ki, ya yarımçıq, ya ağır patologiya ilə doğulub. Anadangəlmə problemlər müalicəyə çox çətin tabe olur.

Hamilə qadın mütləq qadın məsləhətxanalarında, nəzarət altında olmalıdır. Xüsusilə, əvvəlki hamiləlikdə düşüklər, qanaxma, ölü doğulma və ya uşağın doğulan kimi ölməsi halı yaşanıbsa, qadın risk qrupuna aiddir. Həkim gərək onun səbəbini araşdırsın və qadının hamilə qalıb qalmamasına qərar versin. Buna isə heç kim əhəmiyyət vermir".

O, problemin bir səbəbini qeysəriyyə əməliyyatlarında görüb:

"Uşaq təbii yolla doğulmalıdır. Uşaq təbii doğuş yollarından keçərkən bağırsaq immuniteti zədələnmir. Hazırda qeysəriyyə əməliyyatı üçün bir günə bir xəstəxanada 17 qadın növbəyə dayanır.

Bu, Allaha qiyam qaldırmaqdır. Təcrübə birmənalı olaraq göstərir ki, qeysəriyyə ilə doğulan uşaqların heç bir yerində problem olmasa da mədə-bağırsağında problem olur. Qeysəriyyə əməliyyatına tibbi göstərişlər var, digər hallarda təbii yolla doğulmalıdır. Amma bir qadın bunu istəyirsə və həkim bundan imtina etsə, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə həkimin qadına kömək etməməsi barədə çox kəskin şəkildə yazacaqlar.

Həkimlər əməliyyat tərəfdarı deyillər. Doğuşdan sonra uşaqda müxtəlif, sadaladığımız problemlərdən varsa, hələ doğum evində tibbi müdaxiləyə məruz qalıbsa, bu da artıq risk qrupuna aid olan uşaqdır.

Evə gələndən sonra sahə həkiminin ciddi nəzarətində olmalıdır, bir aylığına qədər həkim azı 2 dəfə, tibb bacısı isə həftədə bir dəfə evə getməlidir. Doğuşdan sonrakı bir aylıq zaman ən kritik dövrdür. Bundan sonra hər ay mütəmadi olaraq həkimin yoxlanışından keçməli, boyu, çəkisi, qidalanması, geyimi, havası və s. yoxlanılmalıdır.

Bir yaşından sonrakı uşaqların da öz xəstəliyi var, son vaxtlar uşaqlar şəkər, zob, mərkəzi sinir sistemi xəstəlikləri, ürək qüsurları və bu kimi xəstəlikdən ölür".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->