Ağ Evin məlumatına görə, Kolumbiya ABŞ-a qeyri-qanuni daxil olmuş Kolumbiya vətəndaşlarını məhdudiyyətsiz qəbul etməyə razılıq verib. Prezident Donald Tramp bəyan edib ki, Kolumbiya bu razılığı yerinə yetirməsə, ölkəyə 25% gömrük rüsumu tətbiq olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitin bəyanatına istinadən CNN
yazır.
"Kolumbiya hökuməti prezident Trampın bütün şərtlərini qəbul edib. Bu şərtlərə ABŞ-dan deportasiya edilən bütün qeyri-qanuni miqrantların, o cümlədən ABŞ hərbi təyyarələri ilə məhdudiyyət və gecikmələr olmadan geri qaytarılması daxildir", - bəyanatda deyilir.
Ətraflı: Bu razılaşma çərçivəsində Tramp administrasiyası Kolumbiyaya qarşı yeni tariflər və sanksiyaların tətbiqini dayandırıb.
Karolayn Livit bildirib ki, tariflər və maliyyə sanksiyaları dayandırılsa da, Kolumbiya məmurlarına qarşı vizalarla bağlı məhdudiyyətlər və Kolumbiya vətəndaşları ilə yük gəmilərinə qarşı sərt gömrük yoxlamaları "deportasiya olunmuş şəxslərin olduğu ilk təyyarə Kolumbiyaya uğurla çatana qədər" qüvvədə qalacaq.
Bəyanatda Tramp və Kolumbiya prezidenti Qustavo Petre arasında razılaşma öncəsi baş verən qarşılıqlı təhdidlərdən sonra birbaşa danışıqlar olub-olmaması ilə bağlı məlumat verilməyib.
Əvvəl nə baş vermişdi: Kolumbiya əvvəllər ABŞ-dan gələn iki deportasiya reysini qəbul etməkdən imtina etmişdi. Bundan sonra Tramp cavab tədbirləri görülməsi barədə göstəriş vermişdi.
Alpər
Şərhlər