Xəbər lenti

Konqresmen ABŞ-ın Şimali Koreya qoşunlarına zərbə endirməsini təklif etdi
Dünya 18:04 24.10.2024

Konqresmen ABŞ-ın Şimali Koreya qoşunlarına zərbə endirməsini təklif etdi

Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirak edəcəyi təqdirdə Birləşmiş Ştatlar "birbaşa hərbi əməliyyatlar” nəzərdən keçirməlidir.

Qaynarinfo "The Hill”ə istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner (Ohayo ştatı) deyib.

"Bayden-Harris Administrasiyası Şimali Koreya qoşunlarının bu münaqişədə iştirakının ABŞ üçün qırmızı xətt olduğunu açıq şəkildə bildirməlidir. Əgər Şimali Koreya qoşunları Ukraynanın suveren ərazisini işğal edərsə, Birləşmiş Ştatlar Şimali Koreya qoşunlarına qarşı birbaşa hərbi əməliyyatlar variantını ciddi şəkildə nəzərdən keçirməlidir”, deyə Törner bildirib.

Ağ Evin milli təhlükəsizlik məsələri üzrə nümayənfəsi Con Kirbi, öz növbəsində, oktyabrın ilk iki həftəsində Şimali Koreyanın Rusiyaya ən azı 3 min əsgər göndərdiyini bildirib. Hərbçilər Şimali Koreyanın Vonsan bölgəsindən Rusiyanın Vladivostok şəhərinə dəniz yolu ilə göndərilib. Onun sözlərinə görə, Şimali Koreya hərbi qulluqçuları Rusiyanın şərqindəki üç hərbi obyektə aparılıb və onlar hazırda ilkin döyüş hazırlığı keçirlər.

"Hələ bu əsgərlərin Rusiya qüvvələri ilə birlikdə döyüşlərdə iştirak edib-etməyəcəyini bilmirik, lakin bu ehtimal ciddi narahatlıq doğurur", deyə Kirbi deyib. O, həmçinin bildirib ki, əgər Şimali Koreya əsgərləri Ukrayna cəbhəsinə düşsələr, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsində artan çarəsizliyə işarə olacaq.

"Əgər onlar həqiqətən də Ukraynaya qarşı müharibədə iştirak etsələr, Ukrayna ordusu üçün qanuni hərbi hədəfə çevriləcəklər. Ukrayna hərbçiləri də Şimali Koreya əsgərlərinə qarşı özlərini rus əsgərlərinə qarşı müdafiə etdikləri kimi müdafiə edəcəklər”, deyə Kirbi əlavə edib.

Oktyabrın 18-də Cənubi Koreya Milli Kəşfiyyat Xidməti məlumat yayıb ki, KXDR təlim keçmək üçün Vladivostoka hərbi personalın ilk qrupunu göndərib. Ümumilikdə, Pxenyan Ukraynaya qarşı hərbi əməliyyatlarda gələcək iştirakları üçün Rusiyaya təxminən 12 min nəfərdən ibarət 4 briqada göndərmək niyyətindədir. 

Daha sonra ABŞ Şimali Koreya qoşunlarının Rusiya ərazisində olduğunu təsdiqləyib. Pentaqon rəhbəri Lloyd Ostin qeyd edib ki, Vaşinqton hələlik bu transferin dəqiq məqsədini bilməsə də, Rusiyanın Şimali Koreyadan, eləcə də İrandan kömək istəməsinin özü müharibədə Rusiyanın mövqeyinin zəiflədiyini göstərir. "Bu, Putinin vəziyyətinin çoxlarının düşündüyündən də pis ola biləcəyinə açıq işarədir”, deyə Ostin bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->