"Görüşlərin Moskvada və Vaşinqtonda keçirilməsində hər hansı bir psixoloji baryer yoxdur, amma bu danışıqların Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsinə heç bir faydası olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya və ABŞ-ın öz aralarındakı danışıqları İstanbuldan öz paytaxtlarına köçürmək barədə qərarı şərh edərkən deyib.
"Onsuz da Tramp adminstrasiyası ilə Rusiya arasında elə də kəskin ziddiyyətlər yoxdur. Amma söhbət Ukrayna Rusiya münasibətlərilə bağlı Vaşinqton-Moskva danışıqlarından gedirsə, güman edirəm ki, bu iki ölkə paytaxtlarında keçirilməsi gözlənilən danışıqlar müharibənin tənzimlənməsi üçün açar danışıqlar rolunda çıxış edə bilməz", deyə Üzeyir Şəfiyev bildirib.
Ekspert qeyd edir ki, burada müharibənin tənzimlənməsində masada olmalı olan digər qüvvələr də var. Bunlar Avropa və Ukraynanın özüdür:
"Onlar olmadan keçirilən bu danışıqlar sadəcə olaraq Putinin işinə yarayan bir görüş olacaq. Moskva sülh müqaviləsi olmadan atəşkəsə razı deyil. Sülhü də Ukraynanın kapitulyasiyası ilə əlaqələndirir. Belə bir şərtlər daxilində Moskva və yaxud Vaşinqtonda keçiriləcək danışıqların heç bir nəticəsi olmayacaq. Alçaldıcı şərtlərlə Ukraynanı kapitulyasiyaya məcbur etmək mümkün olmayacaq. Tramp Ukrayna ilə resurslarla bağlı müqaviləni reallaşdırmaq istəyirsə, mütləq Putin Rusiyasını sahədə itkilərə məruz qoymalı, Ukraynaya dəstəyi artırmalı, Avropanı öz ətrafında birləşdirib, Moskva ilə güc ritorikasında danışmalıdır".
Həmsöhbətimizin fikrincə, danışıqlar da yalnız NATO-Rusiya danışıqları formatına keçəcəyi təqdirdə uğurlu olacaq:
"Məhz belə bir danışıqlara ehtiyac var. Burada Ukrayna hətta iştirak etməyə də bilər. Sadəcə, onun ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmalıdır. Ukrayna müharibəyə Qərb tərəfindən sürüklənib. Ona görə də bədəlini Avropa, ABŞ bərabər şəkildə ödəməli, Kiyevin yanında olmalıdırlar".
Qeyd edək ki, Rusiya və ABŞ arasında danışıqların yeni raundu Moskvada keçiriləcək. Bu barədə Rusiyanın ABŞ-dakı yeni səfiri Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib.
O qeyd edib ki, ölkələr qarşılıqlı anlaşılmazlıqları aradan qaldırmaq üçün danışıqları İstanbuldan öz paytaxtlarına köçürmək barədə qərar qəbul ediblər.
Rüfət Sultan
Şərhlər