Dünya 16:37 07.12.2022

Kreml Almaniyada dövlət çevrilişi hazırlayırmış? - Rusiya vətəndaşı həbs edildi

Almaniya Baş Prokurorluğu ölkədə dövlət çevrilişinə hazırlıqda şübhəli bilinərək saxlanılanlar arasında Rusiya Federasiyası vətəndaşının da olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rosbalt məlumat yayıb.

Agentliyin məlumatına görə, terror təşkilatının üzvü və tərəfdarı olmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb və ümumilikdə 52 şübhəli ilə bağlı on bir federal ştatda axtarış aparılıb. Saxlanılanlar arasında Rusiya vətəndaşı Vitaliya B-nin də olduğu qeyd edilir.

"Həbs edilən şübhəlilər 2021-ci ilin noyabr ayının sonunda qurulan və Almaniyada mövcud dövlət sistemini devirməyi və onu öz işləyib hazırladıqları dövlət forması ilə əvəz etməyi qarşısına məqsəd qoyan terror təşkilatına aiddir”, - prokurorluqdan bildirilib.

Hesabatda həmçinin qeyd olunur ki, araşdırmalara görə, qrupun ayrı-ayrı üzvləri xüsusi olaraq kiçik silahlı dəstənin köməyi ilə Almaniya Bundestaqına zorakılıqla müdaxiləyə hazırlaşmaqda şübhəli bilinirlər. Almaniyada saxlanılan Rusiya Federasiyası vətəndaşı "sui-qəsdin lideri ilə Rusiya nümayəndələri” arasında vasitəçilik etməkdə şübhəli bilinir.

Eyni zamanda, Baş Prokurorluq qeyd edib ki, Rusiya rəsmilərinin sui-qəsdçilərə dəstək verdiyinə inanmaq üçün tutarlı bir əsas yoxdur. İdarədən bildiriblər ki, dövlət çevrilişinə hazırlaşmaqda şübhəli bilinən şəxslər Rusiya nümayəndələri ilə əlaqə saxlayıb, lakin dəstək almayıblar.
 
Alpər