Dünya 18:57 28.04.2022

Kreml Aşot Qalstyanın əliylə Şaumyan meydanında xüsusi tədbir hazırlayır (ŞƏRH)

Ermənistan müxalifəti bu yaxınlarda siyasi mübarizənin yeni mərhələsinin başladığını elan edib və müxtəlif yerlərdə eyni zamanda mərkəzləşdirilməmiş etiraz aksiyaları və yürüşlərin geniş vüsət almasına hazırlıq barədə plan hazırlayıb. Belə ki, mayın 1-də müxalifətin etiraz aksiyalarının kulminasiya nöqtəsi olacağı elan edilib. Həmin günə böyük mitinq planlaşdırılıb.

İqtidar isə xəbərdarlıq edir ki, müxalifətin küçə aksiyaları destruktiv siyasətlə bağlıdır. Bütün bunlar təbii ki, həm ölkə daxilində, həm də xaricdə bəzilərini narahat edir. Məsələn, Ermənistan iqtidarı müxalifəti nəzərdə tutaraq, ölkədə separatçı qüvvələrin olduğunu bildirir və təhdidlər edir. Üstəlik, xarici qüvvələr, xüsusən də Rusiyanın iqtidar nümayəndələrinin göstərişi ilə Ermənistan müxalifəti tərəfdarlarına dəstək verilir. Digər tərəfdən isə iqtidarın erməni müxalifətinə çirkab atmaq manipulyasiyasından məharətlə istifadə etməkdədir. Təbii ki, Rusiyanın belə mövqe göstərməsi başa düşüləndir. Bu, Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibədə, demək olar ki, ressurslarının yarısının itirməsi, digər tərəfdən isə Ermənistanda Qərb yönümlü müxalifətin aktivləşməsi və Paşinyan hakimiyyətinin son dövrünün yaxınlaşmasının qorxusuna əsaslanır. 

Məlum olur ki, müxalifət elan etdiyi mitinqdən əvvəl də İrəvanda daha bir böyük tədbir planlaşdırıb. Bəzi insanlar aprelin 30-da İrəvan meriyasının icazə verdiyi Şaumyan meydanında mitinq keçirməyi planlaşdırır. Məlumata görə, həmin tədbir Ermənistan-Rusiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr olunacaq. Mənbələrə görə, konsert səhnəsinin tikintisinə, estrada ulduzlarının təmin olunmasına, Rusiyadan qonaqların gətirilməsinə külli miqdarda vəsait də xərclənib.

Yeri gəlmişkən, Moskva Ermənistan-Rusiya diplomatik münasibətlərinin 30 illiyinə Ermənistan hakimiyyətinin soyuq və laqeyd münasibət bəslədiyini və heç bir irimiqyaslı dövlət tədbiri keçirilmədiyini görür və buna görə də Ermənistanda müxalifət qüvvələrinə gizli dəstək verən və iqtidarın adamı kimin bilinən şəxsin əliylə həmin tədbirin keçirilməsini planlaşdırıb. 

Söhbət martın 19-da Rusiya səfirliyinə izdihamlı yürüşün təşəbbüskarı olan həmin Aşot Qalstyandan gedir.

Ermənistan iqtidarı isə ölkə müxalifətini mayın 1-də planlaşdırdığı aksiyadan çəkinməyə, başqalarının hüquq və qanuni mənafelərinə hörmət etməyə, hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmağa çağırış edərək bildirib ki, tələblərə tabe olmayan təqsirkar şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.
 
Telman