"Türkiyə hərbi əsirləri Ukraynaya təhvil verməklə Kiyev, Ankara və Moskva arasında imzalanan 2022-ci ilin sentyabr anlaşmasını pozub. Amma bu addımı atmaq üçün Türkiyənin əsası var. Çünki proses artıq sürətlə sülhə doğru inkişaf edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə prezidentinin "Azovstal” qarnizonunun 5 komandirini Kiyevə təhvil verməsinin Rusiyanı qəzəbləndirməsini şərh edərkən deyib.
"Türkiyə, Ukrayna və Rusiya arasında keçən ilin sentyabrında əldə olunan anlaşmaya görə, "Azov”da döyüşən komandirlər Kiyevə qaytarıla bilməz. Yəni onların əsirlikdən qaytarılması konkret Türkiyədə qalmaları və burada reabilitasiya olmaları şərtinə bağlı idi. Ancaq Türkiyə bu anlaşmanı qismən pozdu. Bunun üçün Türkiyənin əsası da var. Çünki proses artıq sürətlə sülhə doğru inkişaf edir. Doğrudur, hələlik üfiqdə belə bir görüntü yoxdur. Ancaq Rusiyanın ciddi məğlubiyyəti fonunda ona yeganə lazım olan məhz sülhdür. Ona görə də Ankara Moskvanın razılığı olmadan belə bir addımı atıb”, deyə Natıq Miri qeyd edib.
Ekspertə görə, bununla qardaş ölkə dolayısı ilə Rusiyanın nə qədər acınacaqlı və zəif durumda olduğunu ortaya qoydu:
"Ona görə də Rusiyanın bu məsələ ilə bağlı qəzəblənməsinin heç bir nəticəsi yoxdur. Rusiyanın qəzəblənib, nəsə edə biləcəyi ehtimalı elə də böyük deyil. İl yarımdır davam edən müharibədə Moskva dəfələrlə qəzəblənib. Amma bununla belə ortalığa ciddi hərbi uğur qoya bilməyib”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində olan ukraynalı əsirləri Ukrayna Prezidentinin səfəri fonunda ona təhvil verib. Həmin hərbi əsirlər "Azovstal” qarnizonunun 5 komandiri olub. Onu da xatırladaq ki, 2022-ci ilin sentyabrında Ukrayna və Rusiya arasında genişmiqyaslı əsir mübadiləsindən sonra razılaşmaya əsasən beş komandir "prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsi altında” Türkiyədə olub. Onlar Rusiya əsirliyindən azad edildikdən sonra 9 aydan çox Türkiyədə qalıblar.
Rüfət Sultan