Xəbər lenti

Kreml oğurlanmış ukraynalı uşaqları necə rusa çevirir? (ARAŞDIRMA)
Dünya10:54 11.03.2024

Kreml oğurlanmış ukraynalı uşaqları necə rusa çevirir? (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hakimiyyəti Ukraynadan oğurlanmış uşaqların "tərbiyələndirilməsi” üçün tam bir sistem hazırlayıb, onlarda "rus kimliyi” formalaşdırmağa çalışır, valideynlərinin öldüyünə inandırır və onları "potensial terrorçu” hesab edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Meduza”nın araşdırmasında deyilir. 
"Müharibə zamanı zorla Rusiyaya aparılan ukraynalı uşaqların dəqiq sayı məlum deyil. Kiyevin məlumatına görə, söhbət az qala 20 mindən gedir. Rusiya rəsmiləri ukraynalıları vətənlərini unutmağa inandırmağa çalışırlar və onları inandırırlar ki, valideynləri heç vaxt onları evlərinə aparmaq üçün gəlməyəcəklər. Səlahiyyətlilər oğurlanmış uşaqları "yenidən tərbiyələndirə” biləcəklərinə əmindirlər”, - nəşr yazır. 
Nəşrə görə, Rusiya Federasiyası Təhsil Nazirliyi deportasiya edilmiş ukraynalı uşaqların "indoktrinasiya”sına (müəyyən ideyaların, inancların və ya baxışların təqdim edilməsi məqsədi ilə şəxsə sistemli və nizamlı təsir prosesi - red.) cavabdeh olan əsas qurumdur.  
2022-ci ildə Rusiya Federasiyasının müəllimləri üçün hazırlanmış lüğətə "millətçilik zəminində ekstremizm əlamətləri olan” və deportasiya edilmiş ukraynalı uşaqlar tərəfindən istifadə oluna biləcək söz və ifadələr daxil edilib. Xüsusilə, "Yaşasın Ukraynaya! Qəhrəmanlara eşq olsun!", "Raşizm", "Ork" və s.
Həmçinin "Multikultural təhsil mühitində münaqişələrin, ekstremizmin və terrorizmin təzahürlərinin qarşısının alınması” adlı vəsaitdə qeyd olunur ki, nitqdə "xüsusi jarqon”un istifadəsi və ya sadəcə olaraq "siyasi mövzuların” müzakirəsi uşaqlar arasında "dağıdıcı ideologiya”nın geniş yayıldığına işarə ola bilər. 
Təhsil Nazirliyi qeyd edir ki, oğurlanmış uşaqlar sadəcə Ukraynada yaşadıqları üçün bu ideologiyanın "təsiri”nə düşüblər. "Təsir”in nədən ibarət olduğu açıqlanmır.
Nəşrin tədqiq etdiyi sənədlərdə deyilir ki, Rusiya müəllimlərin qarşısında "Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayətlərinin gənc nəslinin rus kimliyini yenidən istiqamətləndirmək və müəyyən etmək” vəzifəsi durur.
Bundan əlavə, "Döyüş bölgələrindən gələn yeniyetmələrin müşayiəti" təlimatını tərtib edənlər xəbərdarlıq edirlər ki, oğurlanmış uşaqlar "etiraz", "şıltaqlıq", "böyüklərə inamsızlıq", aqressiv davranış, "şəxsi üstünlük ideyalarını" göstərə bilərlər və ümumiyyətlə, " yaranan vəziyyətləri neytral bir müşahidəçinin gözü ilə görməkdə çətinlik çəkirlər".
Rusiya müəllimlərinə, bu barədə konkret məlumat olmasa belə, deportasiya edilmiş uşaqların valideynlərinin öldüyünü birbaşa söyləmələri tövsiyə olunur. "Yaxşı olar”, "narahat olma, daha yaxşı yerdədirlər”, "göydən sənə baxırlar” deməyin... Uşaqla yaxınlarının öldüyü və ya evinin dağıdıldığı barədə səmimi danışın... Birbaşa deyin ki, onlar ölüblər”, - təlimatda deyilir.
Eyni zamanda, uşaqların Rusiyada peyda olmalarının yeganə səbəbi olan müharibə Rusiya Federasiyası Təhsil Nazirliyinin təlimatında belə təsvir edilir: "geosiyasi vəziyyətin mürəkkəbləşməsi, bu... ailələri məcburi köçürməyə sövq edir...”
Bundan əlavə, ukraynalı uşaqlarla ünsiyyət yalnız rus dilində aparılır. "Qərar verən hər kəs tərəddüd etmədən deyir ki, iş (ukraynalı uşaqlarla - red.) rus dilində aparılmalıdır, guya orada hamı rus dilində danışır, yaxşı danışmırsa, onu mənimsəməlidir. Deyirlər, Konstitusiyada rus dili dövlət dilidir: Rusiyaya gəlmisiniz, rus dilində danışmalısınız”, - nəşrin mənbəsi qeyd edir.
Nəşrin mənbəsinin sözlərinə görə, Təhsil Nazirliyi Ukraynadan qaçırılan uşaqlardan qorxur. Nazirliyin işçiləri, hətta rəhbərlik səviyyəsində belə, bəzən bu yeniyetmələri Rusiya hakimiyyətinə "qarşı müxalifət ola biləcək" "potensial terrorçular" adlandırırlar.
Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova israr edir ki, rusiyalılar "yeni regionlardan” olan uşağı övladlığa götürə bilməzlər. O, əmin edir ki, "Yalnız qəyyumluq və ya himayədar ailə" (uşağın ailəsinə qaytarılması üçün) ola bilər. Lakin bu, Meduzanın qeyd etdiyi kimi, doğru deyil.
Nəşr qeyd edir ki, Təhsil Nazirliyinin tərkibində yeniyetmələrlə məktəbdən kənar ideoloji işi koordinasiya edən Federal yeniyetmə mərkəzi fəaliyyət göstərir. Təkcə mərkəzin işçilərinin ezamiyyət xərcləri milyonlarla rubl təşkil edir: bu pul yeniyetmələrlə "inteqrasiya intensivliyi" aparmaq üçün istifadə olunur.
Putinin göstərişi ilə yaradılan və büdcədən milyardlarla rubl alan Gənclik mühitinin öyrənilməsi və şəbəkə monitorinqi mərkəzi ukraynalı uşaqları internetdə izləyir. Onun tərəfindən yaradılan proqram istənilən uşağın anonim səhifəsini "aça" bilir və onu bəyənmələrə qədər təhlil etməyə imkan verir - nəticədə uşağa "dağıdıcılıq əmsalı" və "müxaliflik əmsalı" təyin olunur.
Nizami Bağırov