Rusiya Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin Ukrayna ordusunun nəzarətində olan Kursk vilayətinin torpaqları ilə dəyişdirilməsi heç vaxt mümkün olmayacaq.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. "Bu, mümkün deyil. Rusiya heç vaxt öz ərazisinin mübadiləsini müzakirə etməyib və etməyəcək. Aydındır ki, Ukrayna birləşmələri bu ərazilərdən qovulacaq, sağ qalanlar isə məhv ediləcək”, – deyə Peskov
bildirib.
Bundan bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Kursk vilayətində nəzarət etdiyi əraziləri Rusiya ordusunun işğal etdiyi Ukrayna torpaqları ilə dəyişmək niyyətində olduğunu açıqlamışdı. "Biz bir ərazini digərinə dəyişəcəyik”, – deyə o bildirib. Zelenski hələlik məhz hansı işğal olunmuş ərazini geri tələb edəcəklərini dəqiqləşdirməyib. "Baxarıq, lakin bütün ərazilərimiz önəmlidir, burada prioritet yoxdur”, – deyə o vurğulayıb.
Ukrayna Silahlı Qüvvələri (USQ) keçən il avqustun 6-da Kursk vilayətinə daxil olub və ilk iki həftə ərzində 1300 kv. km və təxminən 100 yaşayış məntəqəsini nəzarətə götürüb. Yanvarın sonuna doğru Ukrayna ordusunun nəzarətində 439,5 kv. km ərazi qalmışdı. Bununla yanaşı, USQ ilin əvvəlində üç istiqamətdə hücuma cəhd edib və onlardan birində üç kilometr irəliləyə bilib. Fevral ayında isə Ukrayna ordusu ikinci hücum cəhdini edərək Rusiyanın müdafiə xəttini yarıb və 5 km irəliləyib. USQ-nin məqsədi Rusiya Silahlı Qüvvələrinin son aylar həyata keçirdiyi əks-hücum əməliyyatlarını zəiflətmək olub.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə ordunun Ukrayna qüvvələrini ölkənin sərhədlərindən tam çıxarmasını tələb edib, lakin yanvar ayından etibarən Kursk vilayətindəki vəziyyətdən açıq şəkildə danışmağı dayandırıb, çünki nəzərəçarpacaq uğurlar əldə olunmayıb. Zelenski isə Rusiyaya müdaxiləni "yalnız ədalətli deyil, həm də ölkəmizin və bütövlükdə Avropanın təhlükəsizliyi üçün effektiv” hesab etdiyini bildirib. Onun sözlərinə görə, Ukraynanın bu addımı Rusiya ordusunun zəifliyini bütün dünyaya, xüsusilə də Qlobal Cənub ölkələrinə nümayiş etdirib. O həmçinin vurğulayıb ki, Kiyev Kursk vilayətindəki vəziyyətdən Kreml ilə mümkün sülh danışıqlarında istifadə etməyi planlaşdırır.
Alpər
Şərhlər