Xəbər lenti

Kreml Ukraynanın “yeni taktikasından” qorxdu: öz “sammitini” təşkil edəcək – KİV
Dünya10:40 10.08.2023

Kreml Ukraynanın “yeni taktikasından” qorxdu: öz “sammitini” təşkil edəcək – KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya rəhbərliyi Ciddə sammitindən sonra diplomatik təcrid "təhlükəsini” hiss etməyə başlayıb və analoji sammit keçirmək istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” diplomatiya ilə əlaqəli dörd rəsmiyə istinadən yazır. 
Nəşrin həmsöhbəti olan Rusiya diplomatlarından birinin sözlərinə görə, Ciddə görüşü "konkret qərarlar və birgə bəyanat olmadan başa çatsa da, göstərdi ki, Ukrayna "Rusiyanı diplomatik təcrid etməklə yanaşı, Qlobal Cənub ölkələrinin dialoquna qoşulmağa” çalışır. 
"Kiyevin vəzifəsi bu ölkələri müttəfiq olmasa da, tərəfdaş etməkdir. Və sonra ümumi konsensus əldə olunarsa, Ukrayna bunu dərinləşdirməyə və belə bir konsensus yaratmaq üçün daha həssas suallar qaldırmağa çalışacaq. İndi məhz bu baş verir”, - anonim mənbə bildirib.
Kremlə yaxın mənbə qeyd edib ki, Rusiya rəhbərliyi "Ukraynanın yeni taktikasına bəzi cavablar” axtarmalı olacaq və əlavə edib ki, Rusiya hakimiyyəti "qlobal dəstək” haqqında nə qədər danışmağa çalışsa da, heç kim müvəqqəti ələ keçirilən Ukrayna ərazilərinin və işğal olunmuş Krımın ilhaqını tanımır.
"Əlbəttə, indi Kiyev bunu əlində bayraq edəcək və Moskvanı maksimum dərəcədə təcrid etmək üçün çalışacaq”, - nəşrin insayderi izah edir.
Keçmiş diplomat olan medianın digər həmsöhbəti də Moskvanın bu danışıqlarda iştirak etməməsinin "təbii olaraq xoşagəlməz hal olduğunu” etiraf edib və vurğulayıb ki, Rusiyasız bütün digər tərəfdaşlar "pıçıldaşırlar”.
Rusiyanın Xarici İşlər Nazirliyindəki başqa bir mənbə bildirib ki, Moskva Kiyevin təşəbbüsünə qarşı öz "sammitini” təşkil etməlidir, lakin onun fikrincə, problem ondadır ki, Vladimir Putin və Rusiya Federasiyasının rəhbərliyi "hələ ki, ən kiçik kompromislərə belə getməyə hazır deyillər”. 
Xatırladaq ki, avqustun 5-6-da Ciddədə (Səudiyyə Ərəbistanı) 40-a yaxın ölkənin yüksək rütbəli rəsmisi və diplomatlarının iştirakı ilə Ukraynanın sülh formuluna dair iki günlük danışıqlar keçirilib. Sammitdə Hindistan və Çin nümayəndələri də iştirak edib. Amma Rusiya ora dəvət olunmayıb.
Qeyd edilir ki, bu sammit  bu formatda ikinci görüşdür - əvvəlki görüş bu ilin iyununda Danimarkanın paytaxtı Kopenhagendə baş tutub.
Ukrayna prezidenti ofisinin rəhbərinin müavini İqor Jovkva bildirib ki, Ciddə danışıqlarının vəzifəsi Ukrayna sülh formulunun bəndlərini iştirakçı ölkələr arasında müzakirə etməkdir.
Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak deyib ki, Səudiyyə Ərəbistanında keçirilən görüşdə iştirak edən bütün ölkələr BMT-nin prinsiplərinə sadiq olduqlarını, Ukraynanın suverenlik və ərazi bütövlüyünə hörmət etdiklərini bəyan ediblər. 
Nizami Bağırov