Hərbi qiyamdan bir ay sonra Yevgeni Priqojinlə əlaqəli şirkətlər ən azı 2 milyard rubl dəyərində dövlət müqavilələri imzalayıblar. "Putinin aşpazı"nın firmaları Moskva vilayətinin şəhərlərində məktəblilərə isti nahar yeməkləri üçün böyük sifarişləri itirməməyə müvəffəq olublar. Ola bilsin ki, bu, rəsmilərin Afrikadakı "Vaqner” özəl hərbi şirkətinin əməliyyatlarının gizli maliyyələşdirilməsi sxemini saxladığını göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.media”nın yeni araşdırmasında
deyilir.
Priqojinin hələ də dövlət müqavilələri əldə edib-etmədiyini müəyyən etmək üçün nəşr Priqojinlə əlaqəli şirkətlərin iştirak etdiyi dövlət satınalmalarını təhlil edib. Ümumilikdə 17 şirkətin dövlət müqavilələri öyrənilib.
Priqojinin firmaları Moskva vilayətinin şəhərlərində məktəblilərə isti yeməklərin təşkili üçün son bir ayda ən böyük müqavilələri alıblar. Mıtişi administrasiyası "Mərkəz” sosial qidalanma” şirkətinə 705 milyon rubl, Krasnoqorsk administrasiyası "Prodfoodservice” şirkətinə 935 milyon rubl ödəyəcək. Bu onu göstərir ki, "Putinin aşpazı”nın şirkətlər qrupu Moskva vilayətində iki iri dövlət müştərisini əlində saxlaya bilib.
Prigojinin firmaları ilə "Artek" federal dövlət uşaq düşərgəsi də əməkdaşlığa davam edir - 2023-cü ildə "Məktəbəqədər qidalanma kombinatı”na 260 milyon rubl ödəniləcək.
Üsyandan sonra "Vaqner” özəl hərbi şirkətinin rəhbərinin qida xidmətlərinin digər dövlət müştəriləri də ortaya çıxıb. Moskva və Moskva vilayətində bir neçə xəstəxana "Russotskapital” və AVK firmaları ilə müqavilələr bağlayıblar.
Təhlil edilən bütün müqavilələr mülki dövlət qurumları ilə bağlanıb. Dövlət satınalmaları saytında hərbi qulluqçular üçün qida ilə bağlı dövlət müqavilələrinə dair məlumatlar məxfi olduğundan onlarla tanış olmaq mümkün olmayıb. Priqojinin strukturlarının hərbçiləri qida ilə təmin etməsi faktını əvvəlcə "Vaqner”in yaradıcısı, daha sonra Vladimir Putin bildirib.
RTVI nəşri üsyandan 2 həftə sonra Priqojinlə əlaqəli şirkətlərin 1 milyard rubl dəyərində dövlət müqavilələri imzaladığını bildirib.
Dövlət müştərilərinin Priqojinlə əlaqəli şirkətlərlə işlərinin davam etdirməsi dövlətin "Vaqner” özəl hərbi şirkətinin Afrikadakı əməliyyatlarını dövlət müqavilələri ilə maliyyələşdirmə sxemini saxladığını göstərə bilər. Belə bir sxemin mövcudluğunu Priqojin özü mətbuat xidməti vasitəsi ilə iyunun 10-da dərc olunmuş və Şoyquya ünvanlanmış məktubunda etiraf edib. Üsyandan sonra Vladimir Putin özü də etiraf edib ki, hakimiyyət "Vaqner” özəl hərbi şirkətini, o cümlədən hərbçiləri yeməklə təmin etmək adı ilə hökumət müqavilələri vasitəsilə maliyyələşdirir. Putinin sözlərinə görə, "Vaqner” cəmi bir il ərzində təxminən 80 milyard rubl qazanıb.
The Wall Street Journal-a görə, ümumilikdə, 2014-cü ildən 2022-ci ilin sonuna qədər Priqojinlə əlaqəli firmalar Rusiyada dəyəri 5 milyard dollardan çox dövlət müqavilələri alıb. Teleaparıcı Dmitri Kiselyov, üsyandan sonra, "Rossiya 1"-də "Vesti Nedeli" proqramının efirində Priqojinin firmaları tərəfindən alınan dövlət müqavilələrinin dəyərinin 1,7 trilyon rubl olduğunu bildirib.
Üsyandan sonra Bloomberg Priqojinin Afrikadakı əməliyyatlarının bir hissəsini saxlayacağını yazıb.
Nizami Bağırov