Xəbər lenti

Kremlin gizlətdiyi gerçəklik: Rusiya sənayesi tam çöküşə gedir
Dünya09:31 11.05.2023

Kremlin gizlətdiyi gerçəklik: Rusiya sənayesi tam çöküşə gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo "Wall Street Journal”ın köşə yazarı Coş Zambrun yazısını təqdim edir:
Rusiya Ukraynanı işğal etdikdən sonra bu ölkənin iqtisadi statistikasının etibarlılığı ilə bağlı suallar çoxalıb. Rusiya hökumətinin rəsmi hesabatları sanksiyalara baxmayaraq, iqtisadiyyatın Qərbin proqnozlarından  daha ürəkaçan olduğunu bəyan edirlər.
Moskvanın öz siyasətini yalançı təbliğat üzərində qurduğunu nəzərə alsaq, Rusiyanın iqtisadi məlumatlarına heç kəs etibar etmir. Peyklər tərəfindən qeydə alınan zavodların buraxdığı çirklənmə göstəriciləri  Rusiya saxtalaşdıra bilmir. İlk vaxtlarda şoka düşən və sonradan sabitləşən iqtisadiyyatı göstərmək əvəzinə, bu məlumatlar müharibə davam etdikcə sənaye sektorunun daha da kiçildiyini göstərir. Rusiya iqtisadiyyatına bu qeyri-adi baxış Avropa Kosmik Agentliyinin (ESA) 2017-ci ildə buraxdığı Sentinel-5P peykinin məlumatlarına əsaslanır. Çirkləndirici maddələrin havaya buraxılmasına nəzarət etmək üçün o, Tropomi kimi tanınan qabaqcıl troposfer monitorinq alətinə malikdir. O, azot dioksidi, ozon, formaldehid, metan və s. kimi qazları aşkar edə bilir. 
ESA ilə əməkdaşlıqda bu məlumatlar Parisdə yerləşən, əsasən hedcinq fondları, banklar və korporasiyalar kimi institusional investorlar üçün yeni məlumatlar bazası təminatçısı kimi tanınan QuantCube Technology şirkəti tərəfindən toplanır. QuantCube, xüsusilə zavodlarda kömür, qaz və dizel yandıqda əmələ gələn azot dioksidin miqdarına nəzarət edir. QuantCube-un tədqiqat rəhbəri Benua Bellone deyir: "İndi Rusiyanın əksər hissəsində pessimist tendensiya var".
Qara xətt rəsmi istehsal məlumatlarıdır, qırmızı xətt peyk görüntülərinə əsaslanan istehsal məlumatlarıdır
Rusiya zavodlarının istehsalı artarsa, çirklənmə də artmalıdır. "Polad istehsalını iki dəfə artırmaq üçün çirklənmə mütənasib şəkildə artmalıdır", - Bellone izah edir və vurğulayır ki,  bu faktan qaçmaq imkansızdır. 
Beləliklə, əgər çirklənmə azalırsa, bu, fabriklərin əvvəlkindən daha az istehsal etdiyinin olduqca güclü göstəricisidir. Həqiqətən də Rusiyanın rəsmi statistikası açıqlayır ki, son bir ildə sənaye istehsalı azalıb. Lakin əsas sənayelərdən çirklənmə  səviyyəsi kəskin və güclü şəkildə azalıb. Sentinel-5P peyki özü nisbətən yenidir və Rusiyanı genişliyi və buludlu havasına görə təhlil etmək elə də asan deyil. Amma peyk məlumatlarından istifadə etməklə iqtisadiyyatın öyrənilməsi üsulları yeni deyil. Məsələn, 20 ildən artıqdır ki, tədqiqatçılar iqtisadi artımın göstəricisi kimi gecə işığından istifadə etməyin yollarını araşdırırlar, çünki böyüyən iqtisadiyyatda peyklərə görünən işığı yayan daha çox ev, məhəllə, fabrik və küçə işıqlarıdır. Bu məlumatlar göstərir ki, diktatorlar və ya avtokratlar tərəfindən idarə olunan hökumətlər, hətta gecələr işıqlar sönəndə belə, sistematik olaraq davamlı iqtisadi artım barədə danışırlar. 
Diktatorun məlumatların manipulyasiyasını tələb etdiyi və ya məlumatlara cavabdeh olanların tirana pis xəbər vermək istəmədiyi anlaşılandır. Amma son nəticədə bəzi ölkələrin iqtisadi məlumatlarına inanmaq mümkün deyil. Bir vaxtlar Rusiya məlumatlarına etibar etmək olardı. Lakin Ukraynanı işğal etdikdən sonra Kreml  rəsmi statistikanın açıqlanmasını məhdudlaşdırmaqla beynəlxalq müşahidəçilərin bu ölkənin iqtisadiyyatında nə baş verdiyini öyrənməsinə mane olmağa çalışır. Bu, analitikləri hətta iqtisadiyyatın böyüməsi və ya azalması kimi əsas məsələlərdə də ikiyə bölüb. Belə həssas mövzu "Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçin ("Rusiya iqtisadiyyatı dağılmağa başlayır”) Kreml tərəfindən saxlanmadan və casusluqda ittiham olunmazdan əvvəl yazdığı sonuncu məqalənin mövzusu idi. Jurnal Qerşkoviçə qarşı ittihamı qəti şəkildə rədd edir. ABŞ hökuməti onun "əsassız olaraq həbs edildiyini" bildirib və jurnalistin dərhal azad edilməsini tələb edib. 
Çirklənmə ilə bağlı məlumatlar Rusiyaya kiçik bir pəncərə olsa da, ölkə iqtisadiyyatının zəifləməyə başladığı bəzi sahələrin bariz nümunəsidir. Məlumatlar coğrafi olduğu üçün, əsas çirkləndiricilərin sektorunu müəyyən etməklə region və ya sənaye üzrə parçalana bilər. Son altı ayda Moskva və Sankt-Peterburqda çirklənmə artmağa başlayıb (qismən yol hərəkəti ilə əlaqədar-red.), lakin sənaye rayonlarında çirklənmə azalmaqda davam edir. Apreldə başa çatan altı ayla müqayisədə 1,2%, əvvəlki illə müqayisədə isə 6,2% azalma müşahidə edilib. Keçən il bu, koronavirus pandemiyasının ən pis dövründəkindən daha çox azalıb. Eyni zamanda, Rusiyanın rəsmi məlumatları, əksinə, sənaye istehsalının mart ayında keçən illə müqayisədə 1,2% artdığını göstərir. Məlumatlar göstərir ki, bəzi sənaye sahələrində son dövrlərdə dönüş müşahidə edilir. Son altı ayda metallurgiya zavodları və istilik elektrik stansiyaları tərəfindən ətraf mühitin çirklənməsi artıb. 
Bununla belə, neft və qazla çirklənmə azalıb. Qərb avtomobil şirkətləri işğaldan dərhal sonra Rusiyada fəaliyyətlərini məhdudlaşdırıblar, bir çox zavodlar Rusiyanın nəzarəti altında yenidən açılmağa başlayıb. Son altı ayda Rusiya avtomobil sənayesi ilə əlaqəli obyektlərin çirklənməsinin 7 faiz azalmasına (və ötən il ərzində 16 faiz azalma tepmi ilə) baxsaq, bu səylər uğursuz görünür. Digər çirkləndirici sənayelər son altı ayda 1,2% azalıb. 
Ümumiyyətlə, hər bir sektor müharibə başlamazdan əvvəlkindən daha pis görünür. Bu məlumatlar Avropa Mərkəzi Bankının (AMB) marağına səbəb olub və iqtisadçılar çirklənmə ilə bağlı peyk məlumatlarını Rusiya iqtisadiyyatının alternativ izləyici alətlər siyahısına daxil ediblər. AMB-nin iqtisadçıları Adrian Şmit və Hanna Saxno fevral ayında öz yanaşmalarına dair icmalında qeyd ediblər ki, "izləyicini təşkil edən göstəricilərin seçilməsi üçün əsas meyar onların Rosstat-dan (Rusiya statistika idarəsi – red.) asılı olmamasıdır”. 
"Rosstat-dan asılı olmayan fəaliyyət haqqında siqnal verməklə, izləyici Rusiya tərəfindən rəsmi olaraq dərc edilən məlumatların düzgünlüyünü yoxlamağa imkan verir", - nəşr yazır. Ekspertlər belə nəticəyə gəliblər ki, Rusiyanın rəsmi iqtisadi göstəriciləri yaxşılaşma əlamətləri göstərsə də, ölkə iqtisadiyyatın səviyyəsi getdikcə aşağı düşür. 
Tərcümə: Nizami Bağırov
Qaynarinfo