Qaynarinfo 2014-cü ildə Ukraynaya köçən rusiyalı jurnalist İvan Yakovinanın Youtube kanalında yayımladığı hərbi şərhi təqdim edir.
Rusiya istərdi ki, hamı Xersonu unutsun, orada heç nə baş verməsin, onu minimum qüvvə ilə saxlamaq, Donbasla məşğul olmaq, sonra Xersondan Odessaya, Nikolayevə getmək mümkün olsun. Amma Ukrayna Xersonu geri almağa hazır olduğunu nümayiş etdirir və ora qoşun toplayır. Buna laqeyd yamaşmaq olmaz. Şəhəri müdafiə etmək lazımdır, onlar da müdafiə edirlər.
Aşağıdakılar mənim düşüncələrim və fərziyyələrimdir. Mən belə deyərdim: Xersona hücum artıq başlayıb. Amma mən deyərdim ki, hibrid - hərbi-psixoloji, psixoloji və informasiya hissəsi isə hərbi aspektdən heç də az əhəmiyyət kəsb etmir.
Deməli, Rusiya Xersonda hər şeyin sakit olmasını istəyir, Ukraynaya bunun əksi - rusların bütün diqqəti ora yönəldilməsi lazımdır. Ukrayna növbəti böyük döyüşün harada keçiriləcəyinə qərar verərək hərbi təşəbbüsü öz üzərinə götürür. Bunu böyük uğurla yerinə yetirir və hər kəsin diqqətini Xersona yönəldir.
Kiyev Putindən ora mümkün qədər çox qoşun göndərməsini, onların başqa istiqamətlərdən çıxarılmasını istəyir. Tankların, qaubitsaların, zirehli transportyorlar və hava hücumundan müdafiəsi sistemlərinin, əsgər və zabitlərin, mərmilərin, yanacaq və qidanın çoxsaylı qatar eşelonları ilə Dnepr çayından Xersona getməsinə ehtiyacımız var. Nə üçün?
Sadəcə olaraq bütün bunları rahat və problemsiz məhv etmək üçün, tirdə olduğu kimi.
Dneprin sağ sahilində bütün bunlar hətta HIMARS üçün deyil, adi artilleriya üçün çox asan hədəf olacaq. Ruslar texnikanın cənuba göndərilməsini dayandıranda ukraynalılar körpüləri vurdular: baxın, gəlirik, sizin yolunuzu kəsib Xersonu azad edə bilərik.
Rusiyada əsl çaxnaşma başladı, oraya təchizatlı yeni kolonlar göndərildi. Çoxları başa düşmür niyə dəmir yolu körpüsü toxunulmaz qalır? Axı bu, əlifbadır: Rusiya ordusu öz logistikasını dəmir yolu üzərində qurur. Əvvəlcə o, məhv edilməli idi. Amma yox, ukraynalılar ona dəymədilər: utanmayın, istifadə edin, hər şeyi Xersona gətirin. Ruslarsa dayanmadan ora silah-sursat daşıyırlar. Onlar Şimala, Kaxovkaya getmək istədilər, amma yox, orada ukraynalılar Novoboqdanovkada körpünü partlatdılar, Novoalekseyevkaya bir zərbə vurdular. "Cənub marşrutu ilə Xersona gelin".
Düşünürəm ki, Ukraynanın planına görə, Xerson Rusiya komandanlığı üçün dibsiz çəlləyə çevrilməlidir - onlar ora getdikcə daha çox qoşun, texnika və sursat göndərəcəklər və hamısı orada əziləcək, məhv ediləcək, yox olacaq.
Nümunə üçün, məncə, burada bir analogiya yerinə düşər. Vəziyyəti təsəvvür edin: Putin nədənsə İlanlı adasını tərk edə bilmir. İndi orada nə baş verərdi? Ukrayna artilleriyası Rusiya qarnizonunu məhv edir. Onu yenisi ilə əvəz edirlər. Döyüş gəmiləri şəxsi heyət gətirir, texnikanı boşaldır və bütün bunlar Ukrayna artilleriyası tərəfindən məhv edilir. Ertəsi gün şəxsi heyətin və texnikanın yeni hissəsi Sevastopolu tərk edir. Gəlir və gəlir - bütün rus ordusu bitənə qədər.
Ruslar İlanlı adasını tərk etməsəydilər və nəyin bahasına olursa-olsun, onu saxlamaq qərarına gəlsəydilər, vəziyyət yuxarıda qeyd etdiyim kimi olardı. Şəxsi heyət, texnika və sursat dolu olan karvanlar daim ora gedirdi. Ukrayna bundan tam məmnun olardı. Ancaq adanı tərk etdilər. Lakin onlar Xersonu tərk edə bilmirlər. Siyasi və hərbi səbəblərə görə. Ona görə də şəhəri itirmək qorxusundan qoşun, təchizat və hərbi texnika ora gedəcək. Bütün bunlar Ukrayna artilleriyası və HIMARS tərəfindən yerindəcə məhv ediləcək.
Yaxşı təşkil edilmiş kəşfiyyat sayəsində Kiyev haradan və nəyin gəldiyini, eləcə də harada yerləşdiyini dəqiq bilir. Ukrayna qoşunlarının hücuma keçib özlərini riskə atmasına belə ehtiyac yoxdur. Axının bitməməsi üçün məncə, heç kim Dneprdən keçən körpüləri dağıtmayacaq. Ruslar dəmiryol körpüsündən təhlükəsiz istifadə edə bilərlər. Bu, Kiyevə hətta sərfəlidir. Vəziyyətin gözəlliyi ondadır ki, rus generalları bunu dəyişə bilmir. Təbii ki, Rusiya Federasiyasının Baş Qərargahında daha ağıllı biri deyə bilər: "Bu dəlilikdir. Biz bu cür qoşun və resursları itirə bilmərik. Buna son qoyulmalıdır! Təcili olaraq şəhəri tərk etməliyik, artıq onu saxlamaq mümkün deyil. Fikir yaxşı olmağına yaxşıdır. Amma Putin heç vaxt Xersonun təslim olmasına imkan verməyəcək, çünki bu, onun bütün müharibədəki yeganə uğurudur.
Başqa bir nəzəri variant var: ruslar Xersonda böyük bir qruplaşma toplayıb Nikolayev istiqamətinə getməyə çalışacaqlar ki, onu tutsunlar və əməliyyat sahəsi əldə etsinlər. Nəzəri olaraq bu mümkündür. Ancaq bu halda, körpülər mütləq dağıdılacaq və yalnız təchizatsız böyük bir qrup qalacaq. Böyük qruplaşmanın böyük miqdarda silah-sursata, qidaya ehtiyac var.
Vəziyyəti təsəvvür edin: körpülər partladıldı və Xersondakı nəhəng qrup əlaqəsiz, qidasız, yanacaqsız və mərmisiz qaldı. O nə etməlidir? Sadəcə təslim olmalıdır. Ümumiyyətlə, nə fikirləşsən də vəziyyət eyni cürdür. Rusiyanın yaxşı variantı yoxdur. Xersonu tərk etmək dəhşətli və qeyri-mümkündür. PR fəlakəti və biabırçı qaçış, bundan sonra Putinin hakimiyyəti laxlamağa başlayacaq. Şəhəri saxlamaq mümkündür bir şərtlə ki, rus ordusunun bütün qüvvələri ora sərf edilsin. Belə olan halda da bunun uğurlu olmasına zəmanət yoxdur.
Əməliyyat fasiləsi davam edir. Kreml başını qaşıyır, bundan sonra nə edəcəyini düşünür. Eyni zamanda, Rusiyadan Krıma daha çox silah-sursat olan qatarlar göndərilir. Çox güman ki, onlar şəhəri əldə saxlamaq üçün Xersona göndəriləcək.
Qəribəsi odur ki, Ukrayna üçün bu, kifayət qədər yaxşıdır. Böyük ehtimalla Dneprin sağ sahilinə keçən tank və piyada döyüş maşınları məhv ediləcəklər. Yaxud (daha yaxşısı) qaçılmaz bir geri çəkilmə halında, bundan əvvəl Kiyev yaxınlığında olduğu kimi, ruslar tərəfindən Xerson yaxınlığına atılacaqlar.
Ruslar İlanlı adasında olduğu kimi şəhəri müdafiə edə bilmədiklərinə görə tərk etsələr, bu, nisbətən pis olacaq. Bu halda onlar Donbasda və ya Zaporojye istiqamətində bir yumruqda qüvvə toplayıb orada daha ciddi hücum təşkil edə biləcəklər. Amma bu halda Odessa, Nikolaev, Krivoy Roq və Xerson arxa cəbhəyə düşərək nisbətən təhlükəsizlikdə olacaqlar. Rusiya Federasiyasının Dnepr çayının sağ sahilindəki bütün hərbi kampaniyası rəsmən və rüsvayçı şəkildə başa çatacaq. Bu da pis deyil!
Hər halda, Moskva hələ düşünərkən, Kiyevdə HİMARS üçün hədəflər paylamaqda davam edirlər. Son bir neçə gün ərzində Xerson vilayətində onlarla anbar, S-300 raketlərinin bir neçə batareyası, bir neçə radar, hərbi texnika ilə dolu bir neçə dəmir yolu qatarı, rabitə qovşağı, artilleriya qurğuları, qərargah və kazarmalar məhv edilib. Amerikalılar deyirlər ki, yüzdən çox yüksək və çox yüksək qiymətə malik obyekt artıq məhv edilib. Üstəlik, nə qədər məhv edilmiş kiçik hədəflərin olduğunu belə bilmirik. Rusiya Federasiyası üçün bu itkiləri ödəmək getdikcə çətinləşir. Onun resursları sonsuz deyil. Ukrayna isə öz növbəsində tezliklə daha dörd HIMARS qurğusu alacaq ki, bu da rus ordusunun cənubdakı həyatını daha da çətinləşdirəcək.
Yeri gəlmişkən, Putinin ən adi hərəkəti heç nə etməməkdir. O, qruplaşmanı gücləndirməyə, qoşunları Xersondan çıxarmaya bilər. Qoy olduğu kimi qalsın. Belə olan halda, Ukrayna hərbçiləri sadəcə olaraq Xerson vilayətində Rusiya ordusunun mühüm, daha sonra isə o qədər də vacib olmayan obyektlərini atəşə tutmağa davam edə, sonra isə, vurmağa bir şey qalmadıqda, sadəcə olaraq, qalanlarına təslim olmağı təklif edə bilər.