Xəbər lenti

Kremlin “xeyirxah müstəntiq” qiyafəsi nəyə hesablanıb ? - Politoloq
Dünya13:05 02.06.2022

Kremlin “xeyirxah müstəntiq” qiyafəsi nəyə hesablanıb ? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynaya hərbi müdaxilə edən Rusiya bütün dünya ilə qarşıdurmaya getməli oldu. Artıq Rusiyanın siyasi elitasında da Ukrayna müharibəsi ilə bağlı ciddi fikir ayrılıqları özünü göstərməyə başlayır. Bəzi rus siyasətçiləri artıq bu mövzuda bir qədər yumşaq danışmağa üstünlük verir.
Belə ki, Federasiya Şurasının sədri Valentina Matviyenko Ukraynaya qarşı müharibənin dördüncü ayında bəyan edib ki, Moskva Kiyevlə danışıqlara başlamağa və sülh sazişi imzalamağa hazırdır. "Münaqişənin diplomatik və sülh yolu ilə həllinə ehtiyacımız var, lakin bunun üçün hər iki ölkənin iradəsi lazımdır. Biz danışıqlara, Ukraynada vətəndaş müharibəsinə son qoyacaq və sülhə səbəb olacaq sazişi imzalamağa hazırıq", - deyə o bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə mövzu ilə bağlı sərt mövqe sərgiləməkdə davam edir. O bildirib ki, Rusiya və Ukrayna prezidentlərinin görüşü yalnız "konkret bir sənədi” yekunlaşdırmaq üçün mümkündür.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov qeyd edib ki, Matviyenko ilə Peskovun müharibəyə münasibətdə fərqli yanaşmaları Rusiya siyasətində ənənəvi olaraq müşahidə edilən haldır:"Əslində Matviyenko ilə Peskovun hər zaman mövzu ilə bağlı fərqli açıqlamalar verdiyinin şahidiyik.
Matviyenkonun açıqlamaları pozitiv və gələcəklə bağlı optimist rəylər yaratmağa hesablanlb. Peskovun açıqlamaları isə daha aqresiv və gələcəklə bağlı şübhəli məqamları özündə ehtiva edir. Bu, rus siyasətində ənənəvi müşahidə edilən  məsələdir”.
Həmsöhbətimiz düşünür ki, havaların istiləşməsi və yayda müharibə aparmağın daha çətin olması fonunda Rusiyanın Ukraynada irəliləməsi elə də asan olmayacaq:"Döyüş əməliyyatları bir ay əvvələ nisbətən daha sakit və daha az sürətlə gedir. Ukrayna tərəfində də danışıqlarla bağlı fikirlər səslənir. Zelenski bir neçə gün əvvəl Ərdoğandan xahiş edib ki, onun və Putinin görüşünü təşkil etsin. Düşünürəm ki, Ukrayna nə qədər müqavimət göstərsədə, bəzən geri çəkilməli və manevr etməli olur. Rusiya da maddi itkilərə  məruz qalıb. Ukraynanın da itkiləri bəllidir. Bu baxımdan hesab edirəm ki, Kiyev kimi, Kremldə oturanlar da müharibənin aqresiv şəkildə davam etməsinin hər iki ölkəyə böyük fəlakətlər gətirdiyinin fərqindədirlər”. 
Ekspert bu qənaətdədir ki, yay aylarındakı durğunluq payızda danışıqların bərpası ilə başa çata bilər:"Aktiv döyüş əməliyyatlarının dayandırılması ilə bağlı danışıqların aparılması qaçılmaz görünür. Payızda qlobal ərzaq böharnı özünü daha qabarıq göstərəcək. Bu amil döyüş əməliyyatlarının miqyasının genişlənməsinin qarşısını ala bilər. Ukrayna müharibəsi dünya üçün problemlər yaradır. Odur ki, sülh çağırışları daha tez-tez səslənir. 
Rüfət Sultan