Dünya 17:19 10.11.2022

Krımın itirilməsi Putinin iyirmi illik hakimiyyətinə son qoyacaq - ABŞ generalı

"Komandanlıq tərəfindən çərşənbə günü elan edilən Xersonun Rusiya qüvvələri tərəfindən təslim edilməsi məğlubiyyətlər silsiləsində sonuncu deyil, bu, son nəticədə Krımın itirilməsinə və prezident Vladimir Putinin iyirmi illik hakimiyyətinə son qoyacaq”.

Qaynarinfo xəbər verir ki, bu fikri ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, istefada olan general Ben Hodces yazıb. 

"Putinin uduzacağı növbəti döyüşün Krım uğrunda döyüş olacağını təxmin edirəm”, - Hodces Tvitter hesabında yazıb. Onun sözlərinə görə, yarımadaya təsir edəcək hərbi kampaniyanın həlledici mərhələsi 2023-cü ilin yayında baş verəcək və bundan sonra Putin hakimiyyəti itirə bilər. "O zaman o (Putin) gələn ilin sonuna qədər Kreml uğrunda daxili döyüşdə uduzacaq", - Hodces proqnozlaşdırır.

İraq və Əfqanıstanda müharibələr keçmiş və 2014-2018-ci illərdə Avropadakı ABŞ qüvvələrinə rəhbərlik edən döyüş generalı Hodcesin sözlərinə görə, Putinin Ukraynadakı müharibədən sağ çıxacağına qətiyyən zəmanət yoxdur.

"Hesab edirəm ki, biz hamımız Rusiyanın köhnə üsulla məğlub olacağı real perspektivinə hazırlaşmalıyıq”, - Hodces yazır.

Onun sözlərinə görə, Çeçenistan rəhbəri Ramzan Kadırov və bu yaxınlarda "Vaqner” özəl hərbi şirkəti ilə əlaqəsini etiraf edən iş adamı Yevgeni Priqojin artıq belə bir perspektivə hazırlaşır. Hər ikisi media sahəsində aktivləşib, komandanlığı tənqid edib, göstərişlər verib, əlavə olaraq, faktiki öz orduları var.
Hodcesə görə, Rusiyanın nizami ordusunun problemi, digər məsələlərlə yanaşı, insanların kütləvi şəkildə döyüşmək istəməməsidir. "Hərbi yaşda olan 500.000 kişi səfərbərlikdən yayınmaq üçün ölkədən qaçıb”, - o qeyd edir.

Hodces daha əvvəl Rusiyanın indiki formada mövcudluğuna son qoymaq yolunda olduğunu bildirərək, Qərbi SSRİ-nin sürətlə dağılması ilə eyni şoka düşməməsi üçün belə bir senariyə hazırlaşmağa çağırıb.

Nizami Bağırov