Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Beynəlxalq Cinayət Məhkəməsini işğal olunmuş ərazilərdən ukraynalı uşaqları qaçırdığını etiraf edən Belarus Qızıl Xaç Cəmiyyətinin rəhbəri Dmitri Şevtsovun həbsinə order verməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Kuleba Twitter-də
yazıb.
"Mən Beynəlxalq Cinayət Məhkəməsini Ukraynanın işğal olunmuş rayonlarından uşaqları qanunsuz deportasiya etmək cinayətini açıq etiraf edən Dmitri Şevtsovun həbsinə order verməyə çağırıram", - ukraynalı nazir vurğulayıb.
O, həmçinin ukraynalı uşaqların oğurlanmasına görə məsuliyyət daşıyan bütün şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl "Belarus 1” telekanalı Şevtsovun ukraynalı uşaqların işğal olunmuş ərazilərdən Belarusa çıxarılmasında əli olduğunu təsdiqləyən bəyanatı ilə süjet nümayiş etdirib.
İyun ayında belaruslu müxalifətçi Pavel Latuşko bildirib ki, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən ən azı 2150 uşaq Belarusa aparılıb.
Litvanın Baş Prokurorluğu ukraynalı uşaqların Belarusa mümkün qanunsuz deportasiyası faktları ilə bağlı ibtidai istintaqa başlayıb.
Nizami Bağırov
Şərhlər