Xəbər lenti

Kulinariyanın yeni trendi
Dünya 21:45 10.04.2026

Kulinariyanın yeni trendi "təbii maya" - Necə hazırlanır?

Mətbəxdə son illər daha çox maraq doğuran təbii məhsullardan biri olan "təbii maya" həm dad, həm də sağlamlıq baxımından ev çörəyi hazırlayanların vazkeçilməzinə çevrilib.
 
Qaynarinfo xəbər verir ki, mütəxəssislər bildirirlər ki, keyfiyyətli və dadlı çörəyin sirri təkcə reseptdə deyil, həm də "təbii maya"nın düzgün hazırlanmasındadır.

"Təbii maya" yalnız çörəyin qabarmasını təmin etmir, eyni zamanda onun dadını və teksturasını da tamamilə fərqli edir. Lakin bu "təbii maya" canlı orqanizm olduğu üçün müntəzəm "qidalanmaya” ehtiyac duyur. Düzgün bəslənməyən maya zamanla zəifləyir, xəmirin qalxmasını ləngidir və hətta tamamilə funksiyasını itirə bilər.

Mütəxəssislərin sözlərinə görə, "təbii maya"nın sağlam qalması üçün onun mütəmadi olaraq un və su ilə qidalandırılması vacibdir. Bu proses yalnız aktivliyi qorumaqla kifayətlənmir, həm də mayanın ətrini artırır və çörəyin turşluq balansını daha ideal edir.

"Təbii maya"nın bəslənmə tezliyi onun saxlanma şəraitindən asılıdır. Otaq temperaturunda saxlanılan maya adətən gündə bir dəfə qidalandırılmalıdır. Daha aktiv nəticə əldə etmək istəyənlər üçün isə hər 12 saatdan bir un və su əlavə etmək tövsiyə olunur. Soyuducuda saxlanılan maya isə həftədə bir dəfə qidalandırılmalıdır.

Qidalandırma zamanı ən çox istifadə olunan nisbət 1:1:1-dir. Yəni maya, un və su bərabər miqdarda götürülür. Bu nisbət mayanın balanslı və aktiv qalmasına kömək edir.

Un seçimi də mühüm rol oynayır. Tam buğda və ya çovdar unu mayanın daha sürətli aktivləşməsini təmin edir, çünki bu növ unlar daha zəngin qida mənbəyidir. Ağ un istifadə edildikdə isə proses bir qədər yavaş gedə bilər. Əgər maya zəifdirsə, az miqdarda tam buğda unu əlavə etmək onun güclənməsinə kömək edə bilər.

Su seçimi də diqqətdən kənarda qalmamalıdır. İlıq su maya hüceyrələrinin daha aktiv işləməsini təmin edir, lakin çox isti su onları məhv edə bilər. Xlorlu kran suyu isə mayaya zərər verə biləcəyindən, içməli və ya qaynadılıb soyudulmuş sudan istifadə etmək daha məqsədəuyğundur.

Qeyd olunur ki, maya qidalandırıldıqdan sonra onu isti və qaranlıq mühitdə saxlamaq aktivliyini artırır və daha uğurlu nəticə əldə etməyə imkan verir.
 
Günay
--> -->