Xəbər lenti

Laçından dünyaya verilən tarixi mesajlar (ŞƏRH)
Siyasət 15:50 29.05.2025

Laçından dünyaya verilən tarixi mesajlar (ŞƏRH)

"Laçında 3 ölkə rəhbərinin görüşü dünyaya mühüm mesajlar verdi. Bir daha bəyan olundu ki, Azərbaycan-Pakistan-Türkiyə dostluğu sarsılmazdır, günü-gündən möhkəmlənir və heç bir çətinlik bu dostluğun zəifləməsinə gətirib çıxarmayacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov Laçında Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında keçirilən Zirvə görüşünün dünyaya hansı mesajlar verdiyini şərh edərkən deyib.

"Baxmayaraq ki, Azərbaycanın Pakistanla yaxın münasibətləri bəzən dövlətimizə problem yaradır. Məlumdur ki, Hindistan Şanxay Əməkdaşlıq Təşkilatında, həm də BRICS-də Azərbaycanın qarşısını kəsərək, ölkəmizin bu təşkilatlarda daha yaxından iştirakına imkan vermir. Yəqin ki, bundan sonra da Hindistan Azərbaycana problemlər yaratmaqda davam edəcək. Bütün bunlara baxmayaraq, Azərbaycan, Türkiyə, Pakistan dostluğu, əməkdaşlığı sarsılmazdır. Laçın Zirvə görüşündə Azərbaycan həmçinin Hindistanla qarşıdurma məsələsində Pakistana verdiyi dəstəyi təzələdi. Bakı və Ankara həmişə İslamabadın yanındadır Laçın Zirvə görüşündə verilən əsas mesaj da məhz bundan ibarətdir", deyə Abutalıb Səmədov bildirib.



Ekspert qeyd edir ki, burada ikinci mühüm mesaj Ermənistana ünvanlanıb:

"Bu görüş Ermənistanda "bəkə də qaytardılar" düşüncəsilə yaşayanlara açıq şəkildə anlatdı ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü daimidir. Bundan sonra ölkəmizdə separatizmə, ermənilərin beynəlxalq qüvvələrin himayəsilə geri qayıtmasına ümid etmək, hansısa geopolitik faktorların dəyişəcəyinə bəslənilən ümidlər əsassızdır, mənasızdır və bunlar ilk növbədə Ermənistan əlavə problemlər yaradacaq. Bu cür ümidlərin heç bir real əsası yoxdur. Azərbaycan, Türkiyə və Pakistan belə cəhdlərin qarşısını almaq üçün hər zaman birlikdə olacaq, bir-birinə lazımi dəstəyi verəcəklər".

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu qeyd edir ki, sözügedən görüş 3 ölkə arasında münasibətlərin xarakterini bir daha açıb göstərdi: 



"Azərbaycan xalqının tarixində böyük əhəmiyyət kəsb edən bir gündə - Müstəqillik Günündə, Laçında Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistan Baş naizri arasında ikinci Zirvə görüşü baş tutdu. Bu görüş ilk öncə 3 ölkə münasibətlərinin xarakterini bir daha açıb göstərdi. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri "Şuşa bəyannaməsi" ilə təsbit olunub. Həmçinin, Bakı ilə İslamabad arasında da sıx əlaqələr mövcuddur. Bu iki ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, hər zaman onun yanında olduğunu nümayiş etdirib. 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın siyasi, mənəvi dəstəyi böyük olub".

Elşad Mirbəşiroğlu deyir ki, 3 ölkə arasında əlaqələrin sıxlaşdırılması, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi əsas hədəflərdən biridir:

"Bu əlaqələr özünün müxtəlif vektorluğu ilə diqqəti cəlb edir. Ölkələr arasında hərbi əməkdaşlıq sahəsində də oturuşmuş əməkdaşlıq sistemi mövcuddur. Birgə hərbi təlimlərlə bu əməkdaşlıq daha da dəriləşir. Bu isə üç ölkənin iştirakı ilə həm də böyük bir coğrafiyada təhlükəsizlik məsələlərinin səmərəli həll olunmasına dəlalət edir".
 
Professor hesab edir ki, hazırkı beynəlxalq durumda bu 3 ölkə arasında münasibətlərin xarakteri və təhlükəsizlik sahəsində birgə addımlar atma potensialı bütövlükdə qlobal təhlükəsizlik maraqlarına da cavab verir. Onun fikrincə, görüş nümayiş etdirdi ki, bu ölkələr arasında Zirvə görüşü sistemli şəkildə keçirilməklə institusional xarakter almaqdadır: 

"Belə bir platformanın ilk əlamətlərinji artıq görməkdəyik. Gələcəkdə 3 ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları, praktiki addımların atılması iradəsi məhz bu platforma çərçivəsində daha aydın nümayiş etdiriləcək".

Qeyd edək ki, Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakları ilə Zirvə görüşü keçirilib. Hər üç lider Zirvə görüşündə çıxış edərək, müxtəlif məsələlərə aid fikirlərini bildiriblər. Onlar həmçinin çıxışlarında Azərbaycan-Türkiyə-Pakistan dostluq və əməkdaşlığının mühüm əhəmiyyətindən, regiona verdiyi geniş töhfədən danışıblar. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->