Latviyanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının göstərişi ilə fəaliyyət göstərməkdə şübhəli bilinən dörd ölkə vətəndaşını saxlayıb.
Bu barədə Qaynarinfo "Delfi”yə istinadən xəbər
verir.
Xüsusi xidmət orqanının məlumatına görə, bu fəaliyyət Latviya dövlətinə və onun sakinlərinin təhlükəsizliyinə qarşı yönəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları avqustun 1-də Latviyaya qarşı xarici dövlətə yardım göstərmə maddəsi ilə cinayət işinə başlayıblar.
Üç şübhəli həbsdədir, dördüncüsünə isə Latviyadan kənara çıxmaq, habelə yaşayış yerini dəyişmək qadağan edilib.
İstintaq çərçivəsində Dövlət Təhlükəsizlik Xidməti Riqa və ölkənin digər şəhərlərində 14 obyektdə axtarışlar aparıb. Axtarışlar zamanı çoxlu sayda məlumat daşıyıcısı və müxtəlif sənədlərin götürüldüyü bildirilir.
Təhlükəsizlik rəsmiləri "strateji əhəmiyyət kəsb edən və qeyri-qanuni əməliyyat fəaliyyətləri üçün istifadə oluna bilən" cihazları müəyyən ediblər.
Dövlət Təhlükəsizliyi Xidməti belə qənaətə gəlib ki, şübhəlilər Rusiya FTX-nin tapşırığı ilə "başqalarının azadlığına, toxunulmazlığına, iqtisadi, sosial və fiziki təhlükəsizliyinə qarşı yönəlmiş hərəkətlər ediblər”.
Nizami Bağırov