Niderlandın KİV-ə nəzarət üzrə dövlət orqanının saytının məlumatına görə, bu ölkə "Dojd” telekanalına yayım lisenziyası verib.
Qaynarinfo xəbər verir ki, kanalın baş redaktoru Tixon Dzyadko jurnalist Aleksandr Plyuşevlə müsahibəsində icazənin alındığını təsdiqləyib.
Dzyadko əlavə şərh verməkdən imtina edib.
Niderland tənzimləyicisinin saytındakı məlumat 22 dekabr 2022-ci il tarixdə dərc olunub https://www.cvdm.nl/besluiten/toestemming-tv-rain , lakin media xəbərə yalnız indi diqqət yetirib. Bu barədə ilk məlumatı Brüsseldəki Latviya radiosunun müxbiri Artem Konoxov verib.
Tənzimləyicinin saytında TVR Studios B.V. şirkəti "Dojd" brendi altında yayım üçün lisenziya alıb.
Xatırladaq ki, "Dojd” ilk olaraq Latviyada Avropa İttifaqında yayıma lisenziya alıb. Lakin dekabrın əvvəlində Latviya Milli Elektron Media Şurası telekanalın lisenziyasını ləğv edib. Şuranın rəhbəri İvars Abolins bildirib ki, telekanal "Latviyanın milli təhlükəsizliyinə təhlükə yaradır”.
Şuranın məlumatına görə, kanal bir sıra qanun pozuntularına yol verib, o cümlədən latış dilində altyazılı trek hazırlamayıb, materiallarında Krımın Rusiyanın bir hissəsi olduğu xəritədən istifadə edib, həmçinin Rusiya ordusunu "bizimki” adlandırıb və ola bilsin ki, ona dəstək verib.
Hakimiyyət aparıcı Aleksey Korostelevin iştirakı ilə qalmaqallı verilişin yayımlanmasından sonra belə bir qərar qəbul edib. Efirdə o, belə bir ifadə söyləyib: "Ümid edirik ki, bir çox hərbçilərə, o cümlədən biz (Dojd TV kanalı], məsələn, avadanlıqla və sadəcə cəbhədə sadə şəraitlə kömək edə bildik".
Daha sonra telekanalın informasiya xidmətinin rəhbəri Yekaterina Kotrikadze bildirib ki, Korostelevin bu ifadəsi səhvdir. O, kanalın aparıcı ilə əməkdaşlığın dayandırdığını da bildirib.
Nizami Bağırov